Vətən müharibəsi qazisi: “Videodakı ad mənimdir, amma söhbət məndən getmir” - MÜSAHİBƏ + FOTO

“Döyüşə başladığım ilk gündən sona qədər neqativ bir şey düşünmürdüm, gülürdüm. Bəziləri düşünürdülər ki, şəhid olsam, ailəm nə edəcək? Lakin mən düşünmürdüm”.

Bu sözləri Oxu.Az-a müsahibəsində Vətən müharibəsi qazisi Cümşüd Zeynalov deyib.

Tərcümeyi-hal: Zeynalov Cümşüd Şahin oğlu 1997-ci il fevral ayının 4-də Neftçala rayonunda anadan olub. Orta məktəbi Yasamal rayonu Teymur Abbasov adına 225 nömrəli tam orta məktəbdə oxuyub. 2013-2014-cü ildə orta təhsilini başa vurub. 2015-ci ilin aprel ayında hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Xüsusi xidmətləri olub. 2020-ci ilin sentyabrın 27-də başlayan döyüşlərə könüllü qatılıb.

– Döyüşə yollanmağınızdan ailənizin xəbəri var idimi?

– Hələ də yadımdadır. Öncə təlimlərə qatıldım. Həftənin ilk günü idi. Səhər saat 09:00-da işə gedirdim. Evdən işə getmək adı ilə çıxmışdım. Komissarlığa yollandım. Oradan yola düşəndə zəng vurdum. O zaman xəbərləri oldu. Sentyabrın 21-i biz birbaşa Beyləqan rayonuna yola düşdük. Daha sonra atış təlimlərinə qoşulduq. Təlimlər Füzuli rayonunda keçirilirdi. Sentyabrın 26-da Lələtəpə yüksəkliyində yerləşən “Vilayət postu”na daxil olduq. Sentyabrın 27-də elə oradan döyüşə başladıq. Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Beş medalla təltif olunmuşam.

– Yaralanmanıza baxmayaraq, yenidən döyüşlərə qatılmısınız. Hansı döyüşdə yaralandınız?

– Döyüş zamanı iki dəfə yaralanmışam. İlk dəfə oktyabrın 18-də başımdan qəlpə yaraları aldım. Yanıma top mərmisi düşmüşdü. Anidən oldu. Ağrını, demək olar ki, çox az hiss etdim. Gündüz vaxtı döyüşdə idik. Üç gün heç nə edə bilmədim. Robot kimi olmuşdum. Döyüş yoldaşlarım məni özləri ilə birlikdə aparırdılar. Təxliyə olunmadım. Sonradan yenidən döyüşə qatıldım. Həmin vaxt təxliyədə vəziyyəti ağır olan uşaqlar var idi. Nöqtə kimi bir şeyə görə həmin maşına minmək utancverici idi.

Oktyabrın 21-i bizi Zəngilan rayonuna apardılar. Mincivan, Bartaz, Məşədi İsmayıl kəndində döyüşdük. İkinci dəfə yaralananda da təxliyə olunmadım. Lakin noyabrın 3-nə qədər dözə bildim. Uşaqlar beş-beş, üç-üç oturmuşdular. Üç nəfər ağacın altında uzanmışdı. Mən yuxarıda müşahidədə idim. Əraziyə baxırdım. Ağac tərəfə minaatan mərmisi düşdü. Üç nəfərin ağacın altında yatdığı yadıma düşdü. Getdim onlara baxım, həmin vaxt yaralandım. Döyüş yoldaşlarımı çıxarmaq istəyəndə minaatan atəşi altına düşdü. Sol dizimdən yaralandım. Diz qapağımda yeddi qəlpə var idi. Dostlarım sarıdılar. Ağrıkəsici vurdular. Səkkiz gün o vəziyyətdə qaldım. Əslində, qalmamalı idim. Həm soyuq olmazdı, həm də infeksiya düşə bilərdi. Ayağım şişdi, çirk elədi, qızdırmam qalxdı. Qızdırma səbəbindən noyabrın 3-də hospitala yerləşdirildim. Türkiyə və Almaniyada əməliyyat olunmuşam. Sol diz qapağım protezdir. Ayağım özümündür. Diz qapağım çürüdüyü üçün çıxarılıb, endoprotez qoyulub. Başımdakı qəlpələr də çıxarılıb.

– Döyüş xəritəsinə xüsusi diqqət yetirdiyinizi dediniz. Səbəb nə idi?

– Coğrafiyaya marağım olduğundan getdiyimiz ərazilərə xəritə ilə baxırdım. Hər dəfə döyüşə girəndə xəritəyə baxırdım. Döyüş xəritəsi bildiyimiz xəritələrdən deyil. Tamam başqa cür olur. Mən bütün kəndlərin giriş-çıxışını bilirdim. Olduğum rayonların kəndləri haqda məlumat əldə edirdim. Başımıza hər şey gələ bilərdi. Harada itkin düşdüyümü və ya yaralandığımı bilmək istəyirdim.

– Müharibənin sizin üçün ən yaddaqalan anları hansılar idi?

– Orada yaşananlar heç vaxt unudulmur. Orada dost qazandım. Mənim ən yaxın döyüş yoldaşım Ağayev İlhamdır. O insanla çox yaxın idik. Onun varlığı mənə güc verirdi. İnsan necə ailəsinə baxır, qürurlanırsa, mən də onu görəndə elə olurdum. Bilirdim ki, o məni qoyub getməz. Onu arxamda bir dayaq kimi hiss edirdim.

– Atanız da Birinci Qarabağ müharibəsi qazisidir.

– Bəli, atam qazidir. Onun sol ayağı yoxdur. Atamın bir videosu var. 1992-ci ildə döyüşə yollananda deyib ki, “ola bilər ki, bu gün ölüm, amma sabah mənim yerimə Cümşüd döyüşəcək”. Oradakı ad mənimdir. Amma söhbət məndən getmir. Əmimin oğlu olacaqmış həmin ərəfədə, onun adını atam Cümşüd qoymaq istəyirdi. Cümşüd babalarının adı idi. Onu Arazın o tayında güllələyiblər. Əmim oğluna adı qoyublar, vəfat edib. Ondan sonra mənə qoyulub. Atamın dediyi sözü yerinə yetirə bilmişəm. Çox sevinirəm.

– Döyüş zamanı ən çox atanızı düşündüyünüzü dediniz.

– Nə qədər desələr ki, qorxmurduq, yalandır, qorxusuz insan yoxdur. Qorxu burada kimisə öldürməkdən, ölüm görmək deyil. Mən evin tək oğluyam. Mənim qorxum anamın, atamın mənim barəmdə nə düşündükləri idi. Mən birinci atamı fikirləşirdim. Çünki o burada nələr çəkdiyimizi daha çox hiss edirdi, bilirdi. Müharibə meydanı elə yerdir ki, məhəllədə, küçədə yaşayan, hətta qohumluq əlaqəsi olmayan adamlar belə, yadınıza düşür. Bir an düşünürsən ki, görəsən, mənim haqqımda nə fikirləşirlər?

– Yolunuzu gözləyən biri var idimi?

– Bəli, sevdiyim, yolumu gözləyən biri var idi. Hər şey ola bilərdi. Sevdiyim insanın qardaşı da şəhid oldu. Evlənməyə hazırlaşırıq.

– Qələbə xəbərini, yəqin ki, hospitalda qarşıladınız. Həmin an hansı hissləri keçirdiniz?

– Xəstəxanada idim. İlhama zəng vurdum. Hamının dediyi, güldüyü vaxtda İlham ağlayırdı. Dedim, niyə ağlayırsan, cavab verdi ki, necə oynayım? Şəhidlərimizə görə çox pis olmuşdu. Bir tərəfimiz sevinirdi, bir tərəfdən də kədərli idik.

Bu il sentyabrın 12-dən 13-nə keçən gecə baş verənlərə çox üzüldüm. Həmin günlər məni iki il öncəyə qaytardı. Döyüşlərin getdiyi əraziləri bilirdim. Müharibədən sonra görmüşəm. Həddindən artıq çətin bir yerdir. Xəbəri eşidən kimi komissarlığa müraciət etdim. Könüllü qeydiyyatdan keçdik ki, ən azı, köməyimiz olsun. Hər zaman qardaşlarımızın yanında olmağa hazırıq.

Gununsesi.info