Vətən müharibəsinə könüllü yollanan müsavat başkanın müavini Fərəc Kərimli döyüş təsuratlarını qələmə alıb

  • By admin
  • 07 Yanvar 2021 12:35

Döyüşlərə qatıldıqdan sonra əsgərlərə tutduğum bəzi iradlar ilk günlərdə xoş qarşılanmırdı. Əksəriyyət səfərbərlikdən gəlmiş, qısa müddətdə döyüşlərə qatıldıqları üçün nizamnamənin tələbləri, subardinasiya qaydalarına əməl etməyə yadırğamışdılar…

İkinci Qarabağ müharibəsinə könüllü yollanan müsavat başkanın müavini Fərəc Kərimli döyüş təsuratlarını qələmə alıb.

Gununsesi.info həmin qeydləri təqdim edir

Döyüşlərin ikinci günündə “İlan dağ” yaxınlığında bir kəndə hücuma gedirdik. Planlaşdırdığımız kimi kənd istiqamətində “sepşəkilli” açılıb asfalt yolun yanındakı köhnə suvarma kanalında mövqelənib müşahidə aparmağa başladıq.

Sağ cinahda baş leytenat Heydərli, sol cinahda isə mən idim. Kəndə də birinci mənim qrupum girməli idi. Müşahidə zamanı kəndin yanındakı təpədə yerləşən mövqelərdən atəş açıldığını müşahidə etdik.

Rabitə Heydərlidə olduğu üçün həmin istiqamətdən atəş açıldığını və o postlarda kimlərin olduğunu dəqiqləşdirməsini istədim. Çünki kəntdə düşmən olmasıyla bağlı dəqiq məlumat verilməmişdi. Heydərliyə rabitədə deyildi ki, o mövqelər boşdur. Hərəkətə başlayın…

Vəziyyət şübhəli olduğu üçün 13 nəfərlik öncü qrup götürüb kəndə doğru hərəkətə keçdik. Biz kəndə girdikdən sonra qalanları ardımızca gəlib kəndin başındakı asfalt yolda birləşəcəkdik. Kəndə yaxınlaşdıqca 13 nəfərlik qrupu da iki yer bölüb aramızda 30 metr məsafə buraxıb irəlilədik.

Həmin postlar olan təpənin yanından keçib kəndin 60-70 metrliyinə gəldik. İlk olaraq 6 nəfərə kəndə doğru silahları hazır vəziyyətə gətirib irəliləmək tapşırığı verdim. Aramızda 30-40 metr məsafə açılan kimi özüm də qalanlarla hərəkət etdim.

 

Biz elə kəndə çatan kimi kəndin içindən avtomat və pulemyotla, sağımızdakı təpədəki postlardan snayper və avtomatla, solumuzdan və bizimlə üzbə-üz kənd istiqamətindən minaatan və top atışları ilə düşmən bizi atəşə tutmağa başladı. Düşmən bizi pusquya salmışdı…

Əsgərlərimin panikaya düşməməsi, verilən tapşırıqları vaxtında və cəld icra etməsi, ancaq xüsusi təyinatlılara xas peşəkar davranışları sayəsində təxminən 2-3 saat ərzində o cür atəş altında itki vermədik.

 

Döyüşün, bombardmanın bu qızğın vaxtında birdə gördüm bizim 13 nəfərlik qrupda olmayan Elvin adlı bir əsgər də özünü bizə çatdırdı. Üç tərəfdən atəş altında olduğumuzu, təpədəki snayper yerləşdirilən postu da atıcı silahlarla məhv edə bilməyəcəyimizi nəzərə alaraq yavaş-yavaş geri çəkilmək tapşırığı verdim.

 

İlk öncə 7 nəfər geri çəkildi, daha sonra isə mən və qalan 6 nəfər.

Təpədəki postların betonla da gücləndirildiyi məlum olduqdan sonra yuxarı komandanlıqdan dərhal oranı tərk edib kəndin yuxarısına doğru hərəkət etmək tapşırığı verildi. Ağır artilleriyadan Azərbaycan ordusu kəndi və həmin postları bombardman edəcəkdi. Biz uzaqlaşdıqca artilleriya kəndi və o postları darmadağın etməyə başladı…

Bu döyüşdən sonra əsgərlərin etibarını qazandım. İrad tutduğum bəzi hallar yavaş yavaş aradan qaldırılmağa başladı.

Təxris edilən zaman briqada komandirimiz zabitlərdən xahiş etdi ki, heç kim “mühasirəyə düşdüm”, “bir əlimlə 60 erməni öldürdüm” və s. kimi şişirdilmiş sözlər danışmasın. Ona görə də həmin 14 nəfərin adını yazıram.

1.Nuriyev Xalid (MAXE)
2. Mirzəyev Əlirza Əziz
3. Cəbiyev Miryavər Balaəli
4. Novruz İslam Yasif
5. Dadaşov Əliağa (Maştağa)
6. Kamil Nurəddinoğlu (Bilgəh)
7. Zeynalov Məhəmməd
8. Əlizadə Elşən (aztv)
9. Yusifli Kamran
10. Həmidov Həmid
11. Orfanidis Vaqif
12. Babayev Elçin Əliabbas
13. Əliyev Əlisahib Oktay
14. Qasımov Elvin

Həmin əsgərlərin bəziləri bu fotoda var.

Gununsesi.info