Vətən müharibəsində 44 tibb işçisi ŞƏHİD OLUB

  • By admin
  • 07 Noyabr 2022 09:29

Noyabrın 8-də xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü qeyd olunur. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Xalqımız və rəşadətli Ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Böyük Qələbə Gününün 2-ci ildönümü ərəfəsində səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkimlərin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb və ruhlarına dualar oxunub.

Xatırladaq ki, 44 Günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 44 tibb işçisi – 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı qəhrəmancasına şəhid olub.

Gununsesi.info