Vətən savaşında jurnalistlərimiz də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər - ƏHMƏD İSMAYILOV

  • By admin
  • 22 İyul 2022 11:20

Gununsesi.info Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun Şuşada təşkil olunan Beynəlxalq Media Forumdakı çıxışını təqdim edir:

 

Hörmətli Hikmət müəllim!
Hörmətli qonaqlarımız və Forum iştirakçıları!

Sizləri Azərbaycan milli mətbuat tarixində parlaq iz buraxmış “Həyat” və “İrşad” kimi qəzetlərin qurucu baş redaktoru, böyük maarifpərvər ziyalı Əhməd bəy Ağaoğlunun, müsəlman Şərqinin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin orqanı “Azərbaycan” qəzetinin baş redaktoru olmuş, böyük bəstəkar Üzeyir Hacıbəylinin doğma şəhərində, əziz Şuşamızda salamlamaqdan qürur duyuruq!

147 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olmuşdur. Tarixinin bütün mərhələlərində Azərbaycan mediası öz mütərəqqi ənənələrini formalaşdırmış, cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək və tərəqqi yoluna çıxarmaq məqsədini qarşıya qoymuşdu. Milli mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri – maariflənmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması bu gün də Azərbaycan mediası üçün aktualdır.

Mediamız yarandığı gündən ciddi senzura altında fəaliyyət göstərməyə məcbur olsa da, Azərbaycanın müstəqillik tarixinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi ictimai fikir tariximizdə yeni bir mərhələ kimi dəyərləndirilir. Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində müstəqil Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır və bunun parlaq nümunəsi 1998-ci ildə senzura ləğv edilməsi olmuşdur.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəyə imza atması ölkəmizdə bütün sahələrdə olduğu kimi medianın da fəaliyyətində böyük ruh yüksəkliyi yaratmışdır. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin və Birinci xanım Mehriban Əliyevanın ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyətlərindən ruhlanan jurnalistlərimiz də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər. Vətən müharibəsindən az sonra Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoymuşdur. Fərmandan irəli gələrək tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verir.

Cənab Prezident tərəfindən cari ilin fevralında imzalanmış və Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən “Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətninin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

Hörmətli Forum iştirakçıları!

Bu gün Azərbaycan media ictimaiyyəti növbəti tarixi hadisəyə şahidlik edir. “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumun Azərbaycanın mədəniyyət paytaxtı, ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada keçirilməsindən ikiqat qürur və fəxarət hissi duyuruq. Yeni media jurnalistikasına keçid, konvergensiya və yeni imkanlar, media etikası, Azərbaycan mediasının əməkdaşlıq perspektivlərinin müzakirə olunacağı Forumda həm də Azərbaycan mətbuatında Şuşa izindən danışılacaq, müzakirə və diskussiyalar aparılacaqdır.

Xüsusi vurğulamaq istərdik ki, 270 illiyini qeyd etdiyimiz doğma Şuşamızın adını daşıyan qəzetin də bu il 90 yaşı tamam olur. 1932-ci ildən nəşr olunan “Şuşa” qəzeti ötən əsrin 80-ci illərinin sonlarından Qarabağda baş vermiş təxribatları olduğu kimi işıqlandırmış, həmin dövrün bütün xronikasını əks etdirmiş yeganə regional mətbu orqanımızdı və bu nəşrin fəaliyyəti haqqında da bugünkü panel müzakirələrimizdə ətraflı bəhs olunacaqdır.

Hörmətli Forum iştirakçıları!

Hamınızı medianın müasir inkişafından irəli gələn qlobal məsələlər ətrafında səmərəli müzakirələrdə fəal iştiraka dəvət edirəm.

Diqqətinizə görə təşəkkürlər!

Gununsesi.info