Azərbaycanda şəhidlərin adları küçə və prospektlərə verilə bilər – Siyasətçilər danışdı

  • By admin
  • 11 Yanvar 2021 11:14

“İşğaldan azad edilmiş bəzi kəndlərimizə və yaxud şəhər və qəsəbələrimizdəki küçə və prospektlərə qəhrəman şəhidlərimizin adlarının verilməsi olduqca təqdirəlayiq olardı”.

Gununsesi.info bildirir ki, Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bu, torpaqlarımızın işğaldan azad edilməsi üçün öz həyatlarını fəda edən qəhrəmanlarımıza xalq olaraq sonsuz ehtiramımızın və əbədi minnətdarlıq duyğularımızın göstəricilərindən hesab edilə bilər:
“Tarixi şəxsiyyətlərimizin adlarının əbədiləşdirilməsinə gəldikdə isə əlbəttə, bu da lazımdır. Ancaq adların verilməsi məsələsinə kompleks və koordinasiyalı yanaşmaq lazımdır. Yəni, bu fəaliyyət əlaqəli şəkildə həyata keçirliməlidir ki, müxtəlif şəhər, qəsəbə və kəndlərimizdə küçə və prospektlərin adları eyniyyət təşkil edib təkrarlanmasın. Beləliklə, həm təkrarçılıqdan qaça bilər, həm də daha çox tarixi şəxsiyyətlərimizin və şəhidlərimizin adlarını əbədiləşdirə bilərik. Ancaq burada bir məsələnin üzərində ayrıca dayanmaq lazımdır. Xüsusi ilə əgər kənd və qəsəbə adlarının yenilənməsindən danşırıqsa burada çox diqqətli olmalıyıq. Çünki bu adlar gələcəkdə toponimlərimiz kimi başa düşüləcək və etnoqrafik yaddaşımızı təyin edən komponentə çevriləcəklər. Ona görə də onlar çox anlaşılan və izahedilən olmalıdırlar. Məsələn, hazırda biz bəzən kənd adlarımızı dəyişirik. Bu zaman biz bunu köhnə adları ya düzgün başa düşmədiyimiz, ya bizə aid olmadığını düşündüyümüz, ya da köhnə ideoloji sistemin məhsulu olduğu üçün edirik. Ancaq bu prosesdə bizə aid olan, lakin arxaikləşmiş olduğu üçün mənasını başa düşmədiyimiz çox qədim və qiymətli toponim, etnonim, hidronimlərimizi də dəyişirik. Beləliklə, öz tarixi adlarımızı və izlərimizi özümüz öz əlimizlə silirik. Ona görə də belə məsələlərdə çox diqqətli olmalıyıq”.
Hərbi ekspert Emin Həsənli təklif edib ki, rayon, qəsəbə və kəndlərin girişində böyük abidə kompleksləri qoyulsun:
 
“İşğaldan azad edilmiş ərazilərə tarixi şəxsiyyətlərin adları verilir. Biz təklif edirik ki, həmin ərazilərə şəhidlərimizin adı da verilsin. Ümumiyyətlə, yeni bərpa işlərində işğaldan azad edilən ərazilərimizdə təklif edirik ki, rayon, qəsəbə və kəndlərin girişində böyük abidə kompleksləri qoyulsun. Orada həmin ərazi uğrunda döyüşmüş, canından keçmiş şəhidlərin şəkilləri vurulub, adları yazılsın. Bir də həmin yerlərdə xatirə muzeyləri yaradılsın. Bundan əlavə böyük bir park onların adını daşısın. Park qəhrəmanlıq parkı olsun, gələcəkdə insanlar oranı ziyarət edəcək. Parkda ağaclar əkilsin. Hər bir ağaca simvolik olaraq bir şəhidin adı verilsin. Türkiyədə belə bir park var. Şəhid olmuş 500-dən artıq türk əsgərinin hər birinin adına ağac əkilib. Tarixi anlar unudulmamalıdır. Yaxşı olar ki, parklar azad edilmiş ərazilərdə salına. İşğaldan azad olunan rayonlarda kəndlərdə məktəblərə, uşaq baxçalarına şəhidlərin adı verilməli, onların adları əbədiləşdirilməlidir”.
AĞ Partiya sədri Tural Abbaslı bu fikiri tam dəstəklədiyini dedi:
“Zamanında bu fikiri dəstəkləyənlərdən biri də mən olmuşam. Çünki həmin ərazilər böyükdür. O ərazilərdə kifayət qədər küçələr, prospektlər, kəndlər, kəndlərin içində küçələr var. Düşünürəm ki, vətən uğrunda canından, qanından keçən oğlanların adlarının həmin məkanlara verilməsi şəhidlərin ailələrinə bir təskinlik olar. Bu baxımdan təklifi nəinki dəstəkləyirəm, hətta gözləyirəm də. Müdafiə Nazirliyi, yaxud da həmin ərazilərin icra orqanları məsələni diqqətdə saxlayacaq və küçələrə vətən uğrunda canından keçənlərin adlarını verəcəklər. Nəinki küçələrə, hətta orta məktəblərə, baxçalara, mədəniyyət evlərinə də şəhidlərin adları verilə bilər. Həm də insanlar bilməlidir ki, vətən, millət, dövlət onların uğrunda canından keçənlərin qədrini bilir və biləcək. Bu həm də gələcək nəsillər üçün bir stimuldur, vətən uğrunda fədakarlığa hazır olsunılar”.
Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə bildirib ki, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə borcluyuq və bu məsələ Azərbaycan dövlətinin, eləcə də xalqımızın hər bir fərdinin diqqət mərkəzində olmalıdır:
 
“Belə əbədiləşdirmə hər hansı bir yaşayış məskəninə, küçə və prospektlərə onların adlarının verilməsi, yaxud digər qismdə ola bilər. Lakin nəzərə almaq lazımdır ki, əvvəllər mövcud olmuş, düşmən tapdağı altında qalması səbəbi ilə dağıdılmış və bərpaya ehtiyacı olan yaşayış məskənlərinin adlarının dəyişdirilməsi olduqca ciddi yanaşma tələb edir. Əgər həmin yaşayış məskəninin keçmiş adı tariximizlə bağlıdırsa və xalqımızın əsrlər əvvəl bu torpaqlarda məskunlaşmasını özündə əks etdirirsə, həmin adların dəyişdirilməsinə heç bir halda yol vermək olmaz. Amma yeni salınacaq kənd və qəsəbələrə, həmçinin əvvəlki adı tariximizi özündə əks etdirməyən yaşayış məskənlərinə yeni adlar verilərkən ilk növbədə həmin torpaqlarda qəhrəmanlıq göstərmiş şəhid övladlarımızın adlarının əbədiləşdirilməsi prioritet məsələ olmalıdır. Ümumiyyətlə, işğaldan azad olunmuş hər rayonumuzda həmin torpaqlarda qəhrəmanlıqla vuruşaraq düşməni tarixi ərazilərimizdən qovmuş qəhrəman Azərbaycan Ordusunun əsgər və zabitlərin şücaətini özündə əks etdirən memorial komplekslər ucaldılmalı, bu komplekslərdə şəhidlərimizin, qazilərimizin adları həkk olunmalı, xüsusi xidmətləri olanların adları isə yeni salınacaq kücə və prospektlərə verilməlidir”.
Gununsesi.info