Vətəndaş Səkinə Əhədova taksi sifarişi zamanı baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı müraciət yayımlayıb.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, 18 iyul 2026-cı il tarixində Bolt tətbiqi vasitəsilə taksi sifariş edib. Sərnişin avtomobilə mindikdən sonra sürücünün lal və kar, nitq qüsurlu olduğunu öyrəndiyini bildirib.
Əhədova iddia edir ki, tətbiqdə sürücünün bu barədə heç bir məlumat qeyd olunmayıb.
Şikayətçinin sözlərinə görə, sürücü hərəkətdə olarkən işarə dili ilə kiməsə video çəkərək göndərib və bu zaman diqqəti yoldan yayınıb. Nəticədə avtomobil daş yüklü yük maşınına çırpılıb.
Səkinə Əhədova bildirib ki, qəza zamanı avtomobildə onun 15 yaşlı oğlu, rəfiqəsi və özü olub.
Onun sözlərinə görə, oğlunun və rəfiqəsinin təhlükəsizlik yastıqları açılsa da, özünün oturduğu tərəfdə hava yastığı açılmayıb.
Qəza nəticəsində baş-beyin travması aldığını, dodağına və damağına tikiş qoyulduğunu, qolunun, ayağının və döş qəfəsinin zədələndiyini deyən Əhədova, oğlunun çiynindən, ayağından və gözündən, rəfiqəsinin isə qolu və ombasından xəsarət aldığını bildirib.
Şikayətçi hadisə zamanı “iPhone” markalı mobil telefonunun da itdiyini qeyd edib.
Səkinə Əhədova iddia edir ki, nə sürücü, nə də Bolt şirkəti qəza sonrası onların vəziyyəti ilə maraqlanıb. Onun sözlərinə görə, şirkət nümayəndələri yalnız “Əsas odur ki, sağ qalmısınız” cavabını veriblər.
Hazırda işləyə bilmədiyini bildirən vətəndaş dəymiş maddi ziyanın, o cümlədən itirilən telefonun dəyərinin kim tərəfindən ödəniləcəyini soruşur.
O əlavə edib ki, hadisə ilə bağlı polisə müraciət etsə də, indiyədək hər hansı nəticə barədə məlumat verilməyib.
Səkinə Əhədova müraciətində hadisənin araşdırılması və işıqlandırılması üçün aidiyyəti qurumlara, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsinə çağırış edib.

Elmar












