Vətəndaş cəmiyyəti fəalları Bəxtiyar Hacıyevin müdafiəsinə qalxdı

  • By admin
  • 12 Dekabr 2022 00:37

“Siyasi fəal, vətəndaş cəmiyyəti təmsilçisi, eyni zamanda Milli Platformanın üzvü Bəxtiyar Hacıyev barəsində Bakı Şəhər Baş Polis İdarəsinin cinayət məsuliyyətinə cəlbetmə qərarı qərəzlidir. Bu qərar üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinin seçdiyi 1 ay 20 gün müddətində həbs qətimkan tədbirini də qanunsuz və əsassız hesab edirik”.

Gununsesi.info xəbər verir ki, bu barədə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının dekabrın 11-də yayılan bəyanatında deyilir.

Milli Platforma bəyan edir ki, Bəxtiyar Hacıyev barəsində verilmiş qərar siyasidir və ona qarşı irəli sürülmüş, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri üzrə məsuliyyətə cəlbetmə qərarı dərhal, təxirəsalınmadan ləğv edilməli, onun Konstitusiyada təsbit olunmuş hüquqları bərpa edilməldir.

“Bu ittihamın 10 dekabr Beynəlxalq İnsan Haqları günü ərəfəsində verilməsi, xüsusən siyasi hökümətin insan haqlarına verdiyi dəyəri bir daha nümayiş etdirməkdədir. Milli Platforma olaraq Azərbaycan hökumətini Hacıyev barəsində bundan sonra da hər hansı qanusuz hərəkətlərdən çəkinməyə, onun sağlamlığı, ətraf mühitlə əlaqəsinin təmin edilməsi, hüquqi müdafiə vasitələrindən tam yararlanması ilə əlaqədar qanunvericikdə nəzərdə tutulan tədbirlərin görülməsinə çağırırıq” , sənəddə qeyd edilir.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması çoxsaylı qeyri hökumət təşkilatlarını birləşdirir. Platformanın əsas vəzifəsi Avropa İttifaqı Şərq Tərəfdaşlığı siyasətinin hazırlanması, icrası və monitorinqi prosesində Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli iştirakını təmin etməkdir.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb. Barəsində qətimkan tədbiri seçilmək üçün dekabrın 9-da məhkəməyə göndərilib.

 

Günay

Gununsesi.info