Vətəndaş 7 il sonra əldə etdiyi əmlakına daxil ola bilmir

  • By admin
  • 30 Yanvar 2023 13:32

Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Ə. Hacınski, ev 2 ünvanında yaşayan İsmayılov Ağaəli Şirəli oğlu üzləşdiyi qanunsuzluqla bağlı Nizami Rayon Prokurorluğuna müraciət məktubu ünvanlayıb.

Əmlak problemi ilə bağlı məhkəmə qərarlarının yerinə yetirilməməsindən şikayətlənən Ağaəli İsmayılov borclu tərəfin hədə-qorxularla məsuliyyətdən yayındığını bildirir.

Şikayətçi İsmayılov Ağaəli həmin məktubun bir üzünü Gununsesi.info -ya təqdim edib.                                                                                                                                             
“Bildirirəm ki, 2013-cü ildə Aslanlı Zahidə 1.000.000 ABŞ dolları pul verərək rəsmi alqı-satqı müqaviləsi ilə “Dan Ulduzu” şadlıq sarayının 50 %-nə mülkiyyət hüququ əldə etmişəm. 2016-cı ilə qədər A.Zahid mənə nə gəlir vermiş, nə də ki, idarəçiliyə buraxmışdır. 2016-cı ilin yanvarından məhkəməyə müraciət etmişəm. Bu iş üzrə qanuni qüvvəyə minmiş 20-dən çox məhkəmə qətnaməsi, qərardadı və qərarı var.

Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2017-ci il tarixli 2(103)-913/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməyə əsasən, Aslanlı Zahid Həsən oğlu mənim xeyrimə 1.000.000 ABŞ dolları və 70.000 ABŞ dollarının tutulması qət olunmuşdur. A.Zahid həmin pulu ödəməkdən imtina edir. Baxmayaraq ki, kifayət qədər əmlakları, avtomobilləri və başqa “şadlıq evi” vardır. Məhkəmələrdə əsassız iddialar qaldırmaqla, qərardadlardan şikayət verməklə, əsassız olaraq icra işini uzadır.

2016-cı ilin yanvarından başlayaraq bu günə kimi məhkəmə prosesləri davam edir. Bir çox hallarda məhkəmələr işin bu qədər uzanmasına “yardımçı” olur. Bu iş üzrə 26-dən çox qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, qərarı vardır. Aslanlı Zahid icraçıların hərəkətinə dair şikayət, qiymətləndirmə və hərracla bağlı əmlakların üzərinə həbs qoyulmasına görə əvəzləşdirmə ilə bağlı pul tələbinə dair iddialar qaldırılmış və son nəticədə, bütün qərarlar mənim xeyrimə olmuşdur.
Mən artıq 7 ildir ki, məhkəmələrdəyəm. İcraçıların hərəkətləri, əmlakın hərracda satılması və digər proseslər qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq olunub.

Bakı şəhəri, Nizami rayonu, 2405-ci məhəllə, B.Çobanzadə küçəsi, 14C ünvanında yerləşən qeyri-yaşayış sahəsi mənim adıma daşınmaz əmlak dövlət reyestrində 29 aprel 2019-cu il tarixdə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.
Bu qətnamədən şikayət verilir və Bakı Apellyasiya Məhkəməsi bizim xeyrimizə qətnamə çıxarır. Qarşı tərəf kassasiyası şikayəti versə də, təmin olunmur.
 Mən qeyri-yaşayış sahəsinə çıxarış aldıqdan sonra əmlakın boşaldılması və vurulan ziyanın ödənilməsi tələbinə dair 2019-cu ilin may ayında iddia qaldırıram. Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun icraatında işə baxılır. Cavabdeh A.Zahid vəsatət verir ki, iş üzrə icraat dayandırılsın. Hakim vəsatəti qəbul etməkdən imtina edir. Şikayət nəzərdə tutulmasa da, qarşı tərəf şikayət verir. İş Apellyasiya instansiya məhkəməsindən qaytarıldıqdan sonra hakim Fikrət Mirzəyevin icraatına verilir. Məqsəd yenidən işi dayandırmaq vəsatət verib, qəbul etdirməkdir. Nəhayət, Nizami rayon məhkəməsi 01 iyul 2021-ci il tarixdə çıxarır. Əmlakın boşaldılması qət edilir.

2022-ci ilin dekabrında əmlakın boşaldılması və mənim sahibliyimə verilməsi barədə Nizami Rayon İcra və Probasiya şöbəsində İcra işi başlayır.Bakı şəhəri Cobanzadə küçəsi 14 “c” ünvanda yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq 23.01.2023-cü yanvar ayında mənim sahibliyimə verilir. Borclu Aslanlı Zahid Həsən oğlu iş icra olunsada mənim xüsusi mülkiyyətimdə qeyri-yaşayış sahəmdə istifadə etməsinə maneəçilik törədir, hədə-qorxu gəlir, orada şəxsləri ölümlə hədələyir, əmlakını qəsdlə məhv edir, giriş qapısını söküb aparır. Bildiririəm ki, həmin qeyri-yaşayış sahəsinə çıxarışım və qarşısında olan torpaq sahəsinə istifadəyə dair texniki pasportum var. Aslanlı Zahiq hədə-qorxu ilə əmlakı geri qaytarmağını tələb edir. Aslanlı Zahidin əməlində cinayət tərkibi var. Xahiş edirəm, hüquqi qiymət verərək  araşdırma aparasınız”.

 

Xatırladaq ki, uzun sürən məhkəmə iclaslarından və çəkişmələrindən sonra vətəndaş A. İsmayılov əldə etdiyi əmlakına girə bilmir.

              İsmayılov Ağaəli Şirəli oğlu

                                                                                                     

Arzu Sayadoğlu

Gununsesi.info