Vətəndaşlara imkan yaratmaq istəyirik - Sahil Babayev

  • By admin
  • 13 Yanvar 2023 14:36

2022-ci ildə Azərbaycanda əmək müqavilələrinin sayı 62 min artıb. Həmin artımın 59 mini özəl sektorun hesabına olub. Özəl sektor getdikcə daha genişlənir, daha şəffaflaşır və əmək müqavilələrinin sayı bu sektorda artır. Özəl sektorda həmin rəqəm təqribən 850 minə çatıb. 2018-ci ildə isə əmək müqavilələrinin sayı 400-450 min ətrafında idi. Yəni təqribən 2 dəfə artım qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dörd-beş il ərzində orta əməkhaqqı təxminən 40 faiz artıb:

“Keçən il ölkə üzrə əməkhaqqı fondunda 21 faiz artım müşahidə olunub. Ümumilikdə son dörd-beş il ərzində bu sahədə artım 2.5 dəfədən çoxdur. Median əməkhaqqı son dörd il ərzində 2.5 dəfə artıb. Bu, onu göstərir ki, həm əmək bazarımız stabilləşir, inkişaf edir, məşğulluq proqramlarımız genişlənir. Bu il ən azı 10 min işsizə peşə hazırlığı kursu keçərək işə düzəltməyi planlaşdırırıq. Özəl sektorla müzakirə edib yeni ixtisaslar da açmışıq. Nazirliyin fəaliyyətində ana xətt aktivlərlə bağlı tədbirlərdir. İstəyirik ki, vətəndaşlara imkan yaradaq, onlar məşğul olsun və öz gəlirlərini qazansınlar”.

Gununsesi.info