Vətəndaşlardan elektrik enerjisinin qiymətinin qaldırılmasına sərt təpki - SORĞU

  • By admin
  • 15 İyul 2016 14:00

azerisq

Tarif Şurasının (TŞ) qərarına əsasən, Azərbaycanda elektrik enerjisinin istifadə qiyməti  yenidən bahalaşdı.  Gununsesi.info-nun məlumatına görə,  bu haqda TŞ-nın  iyulun 14-də keçirdiyi iclasda müəyyənləşib ki, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,2 qəpikdən 4,3 qəpiyə, pərakəndə satış tarifi isə 6 qəpikdən 7 qəpiyə qaldırılsın. İclasda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri əsasında ölkə daxilində elektrik enerjisi tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib. Belə ki,  yeni tariflərin region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağı olduğu söylənilir.

Gununsesi.info-nun reportyor qrupu Bakının Yasamal rayonu ərazisində  əhali arasında “Elektik enerjisinin qiymətinin qaldırılmasnı necə qarşılayırsınız?” adlı sorğu keçirib. Sorguda 30-dan çox vətəndaş iştirak etsə də, onların əksəriyyətinin bu bahalaşmadan ya xəbəri yoxdur, ya da münasibətləri çox aqressiv olub. Sorğunu təxribat adlandıranlar da, cavab verərlərsə, onları tanıyıb təqibə məruz qalacaqlarından qorxduqlarını deyənlər də, hətta, baməzə cavablandıranlar da olub:

Gülcahan Səidova:  “ Nə hay-hüy qaldırmısınız? Guya biz desək ki, narazıyıq, qiymətləri aşağı salacaqlar?  Onsuz da danışıb, deyinib axırda aparıb keçirəcəyik”.

 

gulcahan

 

Hacı Musa Naiboglu: “Neyləyək, palaza bürün, elnən sürün. Hökümətimmiz bilən məsləhətdir.  Biz dözümlü xalqıq. Bunu da yola verəcəyik.  İntəhası, yazıq oldu pensiyayla yaşayanlara”.

Samirə Həsənova: “Axşamdan şokdayam. Qiymətlər enməkdənsə,  günbəgün qalxır. Kirayə yaşayıram. Ayda 350 manat ev kirayəsi verirəm. Üstəgəl, kommunal xərcləri də özüm ödəyirəm. Havalar isti keçəndə bu xərclər bir neçə dəfə artır.  Çox narazıyam. İşsizliyin, devalvasiyanın, bahalaşmanın sonu nə olacaq? Vətəndaş kimi ölkəmizin böhran vəziyyətində olmasından narahatam. Sonumuz nə olacaq, nə qədər belə davam edəcək?”

 

kiraye qalan

 

Lidiya Qurbanova: “Qiymətlər qalxıb, qalxıb dəəə. Guya bu sorguya cavab versəm, elektrik xərclərimizi başqası ödəyəcək? Sevinin ki, 1 qəpik bahalaşadırıblar. Bəs bunu 50% qaldırsaydılar, neyləyəcəkdik? Yenə şükür edək”.

 

tum cirt

 

Roma Qasımov: “Çox narazıyam. İndi elektriki qaldırdılar, ondan əvvəl suyu bahalaşdırdılar. Qaz da ele. Bir azdan benizinin də qiymətini qaldıracaqlar. Gəl, yaşa”.

 

roma

 

Elmira Məmmədova: “Bahalaşmadan narazıyam. Qəpik, qəpiyin söykəyidir. Biz isə bahalaşmadan qəpiyi qəpik üstünə qoya bilmirik. Dövlətin pulu ancaq  ya Avropa çempionatlarına gedir, ya da bizdə keçirilən idman oyunlarına. Rövnəq Abdullayev dövlətin pulunu Avropa oyunlarındakı  futbolçulara yedirdir. Büdcəni boşaldıblar. İndi də 1 qəpiyin hesabına  doldurmağa çalışırlar. Milyonları yeyib, kasıbın, işsizin işiğının, qazını, suyunun  sərfiyyatını bahalaşdırmaqla balans yaratmaq istəyilər”.

 Nürəddin Əliyev: “Nə danışırsınız? Gedin işinizlə məşğul olun. Heç nəyin qiyməti qalxmayıb. Bu, kiminsə təxribatıdır. Yaşlı adamam, məni belə işlərə qatmayın. Danışım məni tutub aparsınlar, qoca vaxtımda?…”

Elşən Cəbraylov: “Tikintidə fəhlə işləyirəm. 33 yaşım var. Məvacibimin yarıdan çoxu kirayə, elektrik, su və qaz puluna gedir. Çox narazıyam. İşiğın qiymətini aşağı salmaq əvəzinə qaldırıblar.  Bilirlər ki, bu millət dillənməyəcək. Çünki əksəriyyəti narazılıq edib, danışanda sahə polisi kəsir başının üstünü. Olan-qalan əlindəki pul da gedir özünü qurtarmağa. Ona görə də, hamı sakitcə “qurud əzərik, buna da dözərik” deyib, gedib ödəyəcək”.

 

fehle

 

Ağabala Mərdanov: “Nədir, indi hökümətlə 1 qəpiyin söhbətini edəcəyik?  Hökümətimizin canı sağ olsun. Qarabağı alsınlar, sonra istəyirlər hər şeyin qiymətini 100 faiz qaldırsınlar. Əsas torpaqdır. İşıq olar da, olmaz da”.

 

masenik

 

Samir Abdulla:  “Bu il Tarif Şurası mayın 16-dan suyun, İyulun 15-dən isə elektrik enerjisinin qiymətini artırıb. Ardıcıllığı nəzərə alsaq,  qazın qiymətinin yenidən qaldırılmasına  2 ay var. Balonlarınızı indidən qazla doldurun”.

Elçin Əbdürrəzzaq: “Mən, ümumiyyətlə, “Azərenerji”nin  fəaliyyətindən narazıyam. İşıq borcunu ödəmək üçün cəmi 1 həftə vaxt verirlər. Əgər 1 həftə evdə olmasan, gəlib görəcəksən ki, işığı kəsiblər. Ya da bildirişi görməsən ortada  itsə, yenə  işığı kəsəcəklər. Smart kartla olan sayğaçlar da düzgün-əməlli  işləmir. Üstəgəl də, enerji sahəsindəki problemləri yoluna qoymaq əvəzinə qiymətləri qaldırırlar. Bu milləti aldıqları belə  qəfil xəbərlərin stressi öldürəcək”.

 

elcin

 

Eldəniz Elgun: “Suyun qiyməti qalxdı, cimməyi ləğv etdim.Bəs işığın artmasını nəylə kompensasiya edim? Əslində, beynimdə ideya var. Evin yanında sfetafor var. Oradan oğurluq işıq çəkə bilərəm. Amma gərək evdə 40 saniyədən bir işığın rənginin qırmızı,sarı,yaşıl olmasına uşaqları alışdırım…”

 

eldeniz

Xatırladaq ki, TŞ-nın məlumatında bildirilir ki, tariflərin tənzimləməsindən sonra götürülən gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılması, bu sistemdə çalışan 18 mindən artıq işçinin əmək haqlarının artırılmasına imkan yaradacaq. Yeni tariflər 2016-cı il iyulun 15 -dən qüvvəyə minəcək. Bu müddətədək elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcək.

 Gununsesi.info-nun reportyor qrupu