Vətəndaşların bank vəsaitlərini talayan dəstə üzvləri saxlanılıb- FOTO-VIDEO

Daxili İşlər Nazirliyi saxta iş elanları ilə vətəndaşların bank kartlarından pul oğurlayan daha bir dəstənin üzvlərinin saxlandıqları barədə məlumat yayıb.

Bildirilir ki, həyata keçirilən əməliyyat-texniki tədbirlərlə vətəndaşların kart məlumatlarını və kartlardakı pul vəsaitlərini ələ keçirən Məhəmməd Babazadə və Güləli Kazımov saxlanılıblar. Əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.

Bu şəxslər elan saytlarında, həmçinin sosial şəbəkələrdə dövlət idarələrində və özəl şirkətlərdə vakansiyaların olduğu barədə saxta iş elanları yerləşdiriblər.

Babazadə və Kazımov onlarla əlaqə saxlayan hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması və lisenziya verilməsi üçün 500 manatdan 6000 manata qədər pulun özlərinə və müxtəlif şəxslərin adına olan kartlara köçürülməsini tələb ediblər.

Hər iki şəxsin 100-ə yaxın vətəndaşın kart məlumatlarını əldə edərək hesablarında olan pul vəsaitlərini taladıqları məlum olub.

Sözügedən şəxslərlə bağlı  əməliyyat-istintaq tədbirləri davam edir.

 

Gununsesi.info