Vətəndaşların işi asanlaşır – Şikayətlərə vaxtında baxılacaq

  • By admin
  • 30 Mart 2022 09:38

Martın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib.

Gununsesi.info-nun xəbərinə görə, Administrasiyasının rəhbəri Samir Nuriyev ölkə başçısına mərkəz haqqında məlumat verərkən bildirib ki, belə bir təsisatın istifadəyə verilməsi ictimai nəzarətin mühüm mexanizmlərindən biri olan vətəndaş müraciətlərinə daha operativ baxılmasına şərait yaradacaq. Vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə yaradılan Mərkəzdə bu işin təşkili üçün hər cür şərait formalaşdırılıb.

Vətəndaş Qəbulu Mərkəzinin əhəmiyyəti haqqında Modern.az-a danışan deputat Naqif Həmzəyev bu addımın vətəndaşların problemlərinin operativ həllinə şərait yaradacağını düşünür:

“ASAN Xidmət” fəaliyyətə başladıqdan sonra vətəndaşların dövlət orqanlarına müraciəti, rəsmi qurumlarla əlaqələrinin inkişafı, onların problemlərinin həlli istiqamətində addımların atılması rahat hala gəlmişdi. Zamanla bu məsələlər daha da təkmilləşdirildi. Son illərdə yerli və mərkəzi icra hakimiyyəti orqanlarında elektron sənəd dövriyyəsi işə düşüb. Vətəndaşlar artıq icra strukturlarına elektron müraciətlər edə bilirlər. Bütün bu addımlar insanların həm zamanına qənaət etməsi, həm də müraciətlərinin vaxtında cavablandırılmasına xidmət göstərir. Yeni mərkəzin fəaliyyətə başlaması bütün proseslərin daha aktiv, səviyyəli idarəsi ilə əlaqədardır. Burada vətəndaşların müraciətləri daha sürətlə idarə olunacaq. Ən əsası yerli və mərkəzi icra orqanları ilə koordinasiyalı iş aparılaraq, müraciətlərin vaxtında cavablandırılması, konkret problemlərin həlli həyata keçiriləcək”.

Elektron dövlət sisteminin mükəmməl fəaliyyət göstərdiyini vurğulayan deputatın sözlərinə görə, yeni mərkəzin açılması da məhz bu prosesin təkmilləşdirilməsinin davamıdır:

“Gələcəkdə də yerli dövlət orqanları bu məsələni nümunə götürərək, vətəndaşlarla ünsiyyətin qurulması, onların sənəd dövriyyəsinin elektronlaşdırılması işini asanlaşdırmalıdır. Ölkə başçısının üstün dövlət qurumları, vəzifəli şəxslər qarşısında qoyduğu missiya məqsədinə çatmış olacaq. Daha çox şəffaflıq, vəzifəli şəxslərin vətəndaşların xidmətində durması, dövlət qurumlarının yüksək səviyyədə təmsil etmək bu sistem vasitəsilə mümkün olacaq. Yeni yaradılmış şərait hesabına tezliklə bütün dövlət qurumlarında buna bənzər mərkəzlərin fəaliyyətə başlamasının şahidi olacağıq”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin sözlərinə görə, Prezident Administrasiyanın yeni Vətəndaş Qəbulu Mərkəzinin açılışı, cənab Prezidentin orada söylədiyi fikirlər ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb:

“Qeyd etmək istərdim ki, belə bir mərkəzin yaradılması və bunun Administrasiyanın əsas binasına yaxın ərazidə qurulması olduqca məqsədəuyğun işdir. Prezident Administrasiyasının binası elə ərazidədir ki, bir çox vətəndaşın eyni anda qəbula gəlməsi orada sıxlığa səbəb olur, nəqliyyata mane törədirdi. Amma daha geniş ərazidə Vətəndaş Qəbulu Mərkəzinin açılması vətəndaşlara müraciət edə bilmələri üçün yeni, rahat və əlçatan şəraitin yaradılmasına səbəb olacaq. Artıq vətəndaşların ünvanladığı müraciətlər, müxtəlif məsələlər ətrafında ala biləcəyi cavab bir mərkəzdən idarə olunacaq. Vətəndaşlar üçün onları maraqlandıran məsələlərə cavab tapmaq əlçatan olacaq”.

Çingiz Qənizadə xatırladıb ki, bir müddət əvvəl mətbuatda vətəndaşların müraciətlərinin gec cavablandırılması haqda iddialar dərc olunmuşdu:

“Bütün bu gecikmələr vahid mərkəzin olmaması ilə əlaqədar idi. Bildirmək istəyirəm ki, ölkə başçısı bu tapşırığı ilə vətəndaşa yüksək dəyər verdiyini ifadə etdi. Hər bir Azərbaycan vətəndaşı bundan razı qalacaq.

Arzulayıram ki, Azərbaycan vətəndaşlarının müxtəlif instansiyalara etdiyi müraciətlərə vaxtında cavab verilsin, məsələ operativ həll edilsin ki, mərkəzə edilən müraciətlər də minimuma ensin. Əks halda yenə də Administrasiyaya ünvanlanan müraciətlərin sayında çoxluq müşahidə ediləcək. Yerlərdə strukturlar, müvafiq qurumlar vətəndaşların şikayətlərinə vaxtında cavab versə, Vətəndaş Qəbulu Mərkəzinin də iş yükü azalar”.

Gununsesi.info