Gununsesi.info iqtisadçı millət vəkili Vahid Əhmədovun Moderator.az – a müsahibəsini təqdim edir:
– Necə davam etməsin ki, valyutadəyişmə məntəqələrini ləğv etməklə bankları ikiqat inhisarçıya çevirdilər və indi banklar bala-bala əhalinin hər yüz dollarından 8 dollar oğurlamaqla əməlli – başlı qazanc götürülər. Dollar üçün banka yaxınlaşan da peşman, manat dalınca gedən də. Hər iki halda uduzuan vətəndaş, yumurtadan yun qırxansa banklar və onların gözəgörünməz himayədarlarıdır…
-Etiraf etmək lazımdır ki, əhali ilə banklar arasındakı narazılıq bu gün də qalır və əksinə, ötən hər gün vəziyyət daha da qəlizləşir. Kim hesab edirsə ki, vəziyyət normallaşmağa doğru gedir, yanılır, bu gün ölkə vətəndaşının bank sisteminə inamsızlığı davam edir və banklar da borca görə az qala müştərilərini nəinki məhkəmədə məhşər ayağına çəkməyə, hətta cinayət məsuliyyətinə cəlb etdirərək həbsxanalara doldurmaqda israrlıdır. Mən bayaq dedim ki, təkcə bircə bankdan bir ildə müştərilər 26 milyon manatını çıxarmağa məcbur olub. Nəyə görə? Ona görə ki, artıq banklara inam elə sarsılıb ki, kimsə sabah nə baş verəcəyini bilmir. Məni narahat edən bir məsələ də sözdə üzən məzənnəyə keçildiyi dəfələrlə müxtəlif səviyyələrdə deyilsə də reallıqda yenə də milli valyutanın məhz bazar tərəfindən tənzimlənməsinə imkan verilməməsidir. İndi real vəziyyət belədir ki, bazara müdaxilə edilməklə, yəni obrazlı desək, pulu havaya sovurmaqla manatın kursunu saxlamağa çalışılır. Mən bunu çəkinmədən deyirəm ki, bu gün ölkənin bank sistemi işləmir və bankların sağlamlaşması istiqamətində real addımlar atılmasından sanki ehtiyyatlanırlar. Bu gün banklar demək olar ki, kreditlər vermirlər. Halbuki cənab prezident tərəfindən ölkənin bank sistemini sağlamlaşdırmaq üçün çoxsaylı addımlar atılıb. Amma onun bu təşəbbüsləri istiqamətində real addımlar atmaq istəmirlər. Bilirsiniz, ölkəni bu labirintdən çıxarmaq üçün əhəmiyyətli pul kütləsi olmalıdır. Banklar pulu dövriyyəyə buraxmasa vətəndaşın, sahibkarın güzəranı düzələn deyil. Bizdə isə əksinədir. Banklar pulu bərk-bərk tutaraq sanki hansısa dar günə saxlayırlar. Amma anlamırlar ki, elə ağır gün bu gündür və vəziyyətdən çıxmaq üçün bəzən risk etmək də lazımdır. Mən iyunun 21-də Milli Məclisin plenar iclasında bu məsələyə toxunacam, çox ciddi şəkildə bu istiqamətdə təxirəsalınmaz addımlar atılmasına çağıracam.
– Bankların bu prosesdə qeyri-səmimi olduğu və spekulyativ davranışlarla daha da inamsızlıq qazandıqları hər kəsə bəllidir, amma kimsə vəziyyətin düzələcəyinə inanmır daha…
– Mən hər zaman həqiqətləri və nöqsanları çəkinmədən demişəm və indi də açıq deyirəm ki, bankların indiki davranışları özbaşınalıqıdır. Mən hələ də Maliyyə Bazarlarına Nəzarət Palatasının nəsə bir iş görəcəyinə və ölkənin bank sistemindəki bu anarxiyanı aradan qaldıracağına ümid edirəm. Biz bu qurumun fəaliyyətini diqqətlə izləyirik və hansı qərarları verəcəyini gözləyirik. Palatanın rəhbərliyi ilə də görüşüb müzakirələr aparmaq istəyirik. Bir daha vurğulayıram ki, ölkə iqtisadiyyatının inkişafı məhz ilk növbədə bank sisteminə yeni yanaşmanın tətbiqindən keçir.
– Siz həmin palatadan nəsə gözləyirsiniz. Amma bu quruma gündə bir yeni işçi götürüb idarəetmə aparatını şişirdirlər, ortada isə real nəticə yoxdur. Yəni müstəqil iqtisadçılar və bütövlükdə cəmiyyət Rüfət Aslanlının rəhbərlik etdiyi qurumdan nicat gözləmir…
– Mən Rüfət Aslanlını yaxşı tanıyıram və bir peşəkar olaraq normal kadr hesab oluna bilər. Yəqin ki, təzə formalaşan bir qurum olduğundan kənar müşahidələr fərqli nəticələr çıxarmağa səbəb olur. Amma mən arxayınam ki, palata vəziyyətdə dönüş yarada biləcək. Bizim də istədiyimiz ondan ibratədir ki, banklarla əhali arasındakı bu münaqişə aradan qalxsın və hər iki tərəfə sərf edən yeni münasibətlər sistemi yaradılsın. Amma indi banklar müştərilərdən narazıdır, müştərilər də banklardan. Bir fakt deyim. Mənə bir biznesmen müraciət edib ki, banklardan bir milyon kredit götürmək istəyirəm, amma hansı banka gedirəmsə, kredit adını eşidən kimi başların tutub qaçırlar. Deyirlər ki, pul yoxdur. Daha bunun harası bank oldu ki? Bu işləmək deyil axı. Mən belə qənaətə gəlmişəm ki, ölkənin bank sisteminin nöqsanları, ehtiyacları və problemləri barədə cənab prezidentə düzgün məlumat vermirlər. O bilsə ki, banklar hansı oyundan çıxır, dərhal müdaxilə edərək vəziyyətdən çıxış yollarının tapılmasına göstəriş verər.
– Prezident neynəsin ki? Mərkəzi Bank bir tərəfdən, iqtisadi islahatlar üzrə köməkçisi bir tərəfdən, Maliyyə Bazarlarına Nəzarət Palatası da bir tərəfdən prezidentə özlərinə sərf edən informasiya verirlər.
– Görün nə baş verir? Manatın kursunu guya sabit saxlayıblar. Mərkəzi Bank deyir mən bunun üçün bazara valyuta buraxmıram. Axı Mərkəzi Bank buraxmasa da Neft Fondu buraxır, bunun nə fərqi var ki? Yəni Neft Fondu indi valyuta satmaqla məşğuldur. Bununla iqtisadiyyatı dirçəltmək və manatın kursunu sabit saxlamaq mümkün olarmı? Bəli, etiraf etmək lazımdır ki, dünyada vəziyyət ürəkaçan deyil və indiki təlatümlü durumda iqtisadiyyatı irəli aparmaq olduqca çətindir. Amma proseslərin arxasınca sürünmək olmaz, əksinə, onu yönləndirmək və lazım gələndə özünə tabe etdirmək lazımdır. Bir məqama diqqət yetirilməlidir ki, əgər biz cənab prezidentin qarşıya məqsəd qoyduğu kimi iqtisadiyyatı bu gərginlikdən qurtarmaq və inkişaf etdirmək istəyiriksə, hər şeyi liberallaşdırmaq lazımdır. Bir vacib məqam da hökumətin öz tərkibinə yenidən nəzər salmasıdır və düşünürəm ki, bu istiqamətdə də addımlar atılmalıdır. Bir sözlə, şəffaf hökumət yaratmaq lazımdır. Hökumət elə çevik işləməlidir ki, ötən hər gün insanlar onların bu fəaliyyətini öz həyatlarında, güzəranlarında hiss etsinlər. Mən qəti şəkildə bildirirəm ki, cənab prezidentin qarşıya qoyduğu vəzifələri təkcə Maliyyə Nazirliyi və ya Kənd Təsərrüfatı Naziriliyi ilə həyata keçirmək mümkün olan deyil. Hökumətin başçısı, o cümlədən onun müavinləri çox ciddi şəkildə işləməlidirlər ki, bu tapşırıqları həyata keçirmək mümkün olsun. Amma açıq demək lazımdır ki, biz bu gün bunu görmürük.
– Vahid müəllim, jurnalistlərin və müstəqil iqtisadçı ekspertlərin Dövlət Gömrük Komitəsinin statistikasına çıxış imkanı məhdud və belə demək mümkünsə qəliz məsələdir. Amma məlumatlı mənbələr tərəfindən iddia olunur ki, son bir ildə idxal-ixrac əməliyyatlarında qorxunc azalma baş verib, hətta 2 dəfədən artıq azalmadan danışılır. Gömrük Komitəsi deputatların sorğusuna cavab verirmi, sizdə bununla bağlı dəqiq rəqəmlər varmı?
– Doğrusu, mən bu rəqəmlərlə maraqlanmamışam, amma istənilən vaxt Gömrük Komitəsindən məlumatları əldə etmək mümkündür. Təbii ki, neft hasilatının azalması ilə əlaqədar olaraq ixracda müəyyən azalma mümkündür. Nəzərə alsaq ki, ixracımızın əsas hissəsini neft və neft məhsulları tutur, bunu başa düşmək olar. Amma məndə olan məlumata görə, əksinə, kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım var. İdxala gəldikdə isə bunu da başa düşmək çətin deyil. Manat xeyli ucuzlaşıb və ölkəyə idxal olunan mal və məhsullar az qala 50-70 faiz bahalaşıb, buna görə də alıcılıq qabiliyyəti aşağı düşüb. Idxaldakı geriləmə bununla bağlıdır.
– Biz artıq postneft dövrünə qədəm qoyuruq və iddia edirik ki, tezliklə neftdən asılı olmayan iqtisadiyyata sahiblənəcəyik. Əgər qeyri-neft sektorunun inkişafında son bir neçə ildəki rəqəmlər 3-5 faizi ötmürsə, belə çıxır ki, biz neftdən asılı olmayan ölkəyə çevrilmək üçün ən azı 20-25 il gözləməli olacağıq?
– Təbii ki, bunlar bir iki ilə başa gələn məsələlər deyil. Cənab prezident Dünya Azərbaycanlılarının 4-cü qurultayında da dedi ki, 2016-cı il Azərbaycan üçün sınaq ili olacaq. Dövlət başçısı tamamilə haqlıdır, bu il o qədər də yüngül il olmayacaq. Amma artıq gələn ildən biz inkişaf gözləyə bilərik. Bizə verilən məlumata görə İqtisadiyyat Nazirliyi 159 irihəcmli layihəyə vəsait ayıracaq. İstərdim ki, bu layihə ictimaiyyətə elan edilsin və bilinsin ki, bu layihələr nədən ibarətdir. Çünki burada təqribi hesablamalara görə 2 milyard vəsaitin xərclənəcəyindən söhbət gedir ki, bu məsələdə də şəffaflıq və ictimai nəzarət olması üçün nazirlik maksimum şəffaflıq göstərməlidir. Konkret olaraq sualınıza gəldikdə isə cavab verə bilərəm ki, bəli, bir-iki ilə biz neftdən asılı olmayan iqtisadiyyat qura bilmərik. Buna təbii ki, illər lazım olacaq.
– Prezident həmin qurultayda diaspor liderlərinə səsləndi ki, Azərbaycana vəsaitlər cəlb edin, sərmayələr qoyun, əcnəbi investisiyanın gəlməsini təşviq edin. Burada bir qəribə təzad var. Hökumət sanki maliyyə bazarlarındakı pulu hər vəchlə qamarlamaq və dövriyyədən çıxarmaq yolu tutub, bir tərəfdən də bazara pul cəlbi üçün çağırışlar səslənir…
– Təbii ki, prezidentin çağırışı düzgündür və ölkəyə investisiya cəlbi hər zaman prioritet olmalıdır. Soydaşlarımızın bu işə öz töhfələrini verməsi də lazımdır və mən deyərdim ki, bu bir mənəvi borcdur həm də. O ki, qaldı son vaxtlar xarici investisiyanın cəlbi və ya beynəlxalq donorlardan kredit alınıb gətirilməsi məsələsinin müzakirəyə çıxarılmasına, burada qorxulu və ya ayıb hesab ediləcək bir şey yoxdur ki. Məncə bu məsələni yersiz şişirdirlər. Əksinə, mən deyərdim ki, Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan və digər mənbələrdən əlverişli şərtlərlə vəsaitlər cəlb edilərək bank sektorunun canlandırılması daha doğru olardı. Dünyanın elə dövlətləri var ki, onilliklər boyu kredit hesabına yaşayırlar. Qos-qoca ABŞ-a baxın nə qədər kredit borcu var?
–Cəmyyətdə belə bir narahatçılıq da var ki, Rüfət Aslanlı da günlərin bir günü maliyyə naziri Samir Şərifov kimi çıxıb deyə bilər ki, hökumət sizin üçün xeyriyyə cəmiyyəti deyil…
– Mən inanmıram buna. Məncə bu dəfə fərqli yanaşma olacaq və daha doğrusu vəziyyət onu tələb edir ki, problemin həlli istiqamətində əhalinin gözləntilərinə cavab verən addımlar atılsın.