Millət vəkili Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, deputat Milli Məclisin payız sessiyasında müzakirə edilməsi nəzərdə tutulan məsələlər barədə seçicilərini məlumatlandırıb.
Daha sonra, Vahid Əhmədov Quba və ətraf rayonlarda görülməsi nəzərdə tutulan işlər barədə xəbər verib. Cimi kəndində qazlaşmanın payız mövsümündə tamamlanacağı bildirilib.
Qacar Zeyid kəndində isə yeni salınmış məhəllənin tamamilə qazlaşdırılması yekunlaşmaq üzrə olduğu qeyd edilib. Vahid Əhmədov seçicilərini tədris binalarının təmir və tikintisi barədə də məlumatlandırıb.
Deputatın Elm və Təhsil Nazirliyinə göndərdiyi sorğulara ünvanlanan cavablara əsasən, Quba rayonunun Dağlı, Qımılqışlaq, Qəçrəş,Yenikənd və İsnovqışlaq kənd tam orta məktəblərində, eləcə də Rustov kənd 4 saylı uşaq bağçasında cari təmir işlərinin aparılması nəzərdə tutulub. Quba Peşə liseyinin tikintisi üzrə isə layihə-smeta sənədlərinin hazırlanması işlərinin aparıldığı bildirilib.
Seçicilər millət vəkilinin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.
Görüşdən sonra, Quba, Qusar, Xaçmaz və Şabrandan gələn 146 nəfər sakin deputat tərəfindən fərdi qaydada qəbul edilib.
Qəbulda, ötən qəbullardan sonra problemləri həll olan vətəndaşlar da iştirak edərək deputata xüsusi minnətdarlıqlarını bildirib.
44 günlük Vətən müharibəsi iştirakçısı, Quba rayonu Möhüc kənd sakini Sahil Əkbərov ona “Müharibə Veteranı” adının verilməsində yaranan problemin həllinə görə Vahid Əhmədova öz təşəkkürünü bildirib.
Sahil Əkbərov millət vəkilini şəhid ailələri və qazilərin dayağı adlandırıb. Qəbul zamanı qaldırılan məsələlərin əsasını maddi yardım, işədüzəlmə, pensiyaların təyini, məhkəmə qərarlarının icrası zamanı ortaya çıxan qanun pozuntuları, ev tikintisi üçün torpaq sahələrinin verilməsi təşkil edib.
Ötən qəbullardan fərqli olaraq, bu dəfəki qəbulda işsizliklə bağlı şikayət edən sakinlərin sayında çoxluq qeydə alınıb. Vətəndaşlar millət vəkilindən şimal bölgəsinin işsizlik probleminin həllində önəmli rol oynayacaq yeni emal müəssisələrin müəssisələrinin yaradılması məsələsini Milli Məclisdə qaldırmağı xahiş edib.
Bütün qaldırılan məsələlər köməkçi tərəfindən qeydə alınıb və deputatın tapşırığına uyğun olaraq həll yolları seçilib. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, qalan məsələrin həlli üçün mərkəzi icra hakimiyyəti orqanları və təşkilatlara rəsmi müraciətlər olunacaqdır.
Millət vəkili ,gün ərzində, Quba rayonuna yeni təyin olunmuş icra başçısı İlqar Mahmudovla da görüşərək müəyyən məsələləri müzakirə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Vahid Əhmədov icra başçısının cənab Prezidentin verdiyi tapşırıqların öhdəsindən layiqincə gələcəyinə ümidvar olduğunu bildirərək, ona gələcək fəaliyyətində lazımı köməyi göstərməyə hazır olduğunu qeyd edib.
Növbəti qəbul oktyabr ayında planlaşdırılıb.
Gununsesi.info