Vahid Mustafayevə Qarabağda radio açmağa icazə verilmədi - MTRŞ HƏR ŞEYİ ÖZLƏRİNİN PLANLAŞDIRDIĞI KİMİ ETDİ

  • By admin
  • 10 Aprel 2021 10:08

Fəaliyyəti hökumət tərəfindən qadağan edilən ANS ÇM Qarabağda radio açılması ilə bağlı qatıldığı müsabiqədə “yox” cavabı alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev özünün sosial şəbəkə hesabında yazıb.

Onun fikirlərini təqdim edirik:

MTRŞ-nın (Milli TeleRadio Şurası) Qarabağda 102.7 FM tezliyində yeni radio uzrə müsabiqəsinin ilk və sonuncu toplantısı oldu.
Xatırlatmaq istəyirəm ki, Azərbaycan və onun xaricində yaşayan milyonlarla Azərbaycanlıların daimi tələblərini nəzərə alaraq biz, Azərbaycanın Milli Qəhramanı Çingiz Mustafayev adına ANS-ÇM Radiostansiyasını yenidən fəaliyyətə qaytarmaq və ən əsası, Qafqaz və Orta Asiyada ilk (1994-cü ildə yaranıb) radiostansiyasının təcrübəsini, əsasən də Qarabağ döyüşlərində qazanılan əvəzolunmaz təcrübəni dövlətimiz və xalqımızın qulluğuna həsr etmək üçün bu dəfə üç şirkətlə – İNS ÇM (Seyfulla Mustafayev), İSTİ PRESS (Sevda Həsənova) və ANS ÇM (Vahid Mustafa yev) kimi bu tendere qatıldıq.
Yadımdadır, vaxtlar var idi, namizədlərin avadanlıqlarını yoxlayardılar, yaradıcı kollektivi ilə tanış olardılar, redaktor və jurnalistlərin tərcümeyi-halı, cəza evlərində və ya xaricdə olan qohumları haqqında məlumatlar, nominantların ideya və planları haqda məruzələrini dinləyərdilər, ən azı indi dəbdə olan “pitçinq”(müdafiə) edərdilər.

Axı,bu adamlar Azərbaycanın ən çətin zonası olan Qarabağda müxtəlif dillərdə hazırladığı məlumat, bədii və sənədli verilişləri hazırlayıb yayıma buraxacaqlar. Bu amalla gecə-gündüz hazırlaşdığımız ev tapşırıqlarını yüksək səviyyədə cilaladıq, aparıcılarımızı və redaktorlarımızı götürüb gəldik MTRŞ-ya.
Amma yuxarıda qeyd etdiklərimin heç birisini görmədik və gözlədiyimiz həyəcanı hiss etmədik.

Hər şey çox asan və trivial şəkildə baş verdi – toplantıya 25 dəqiqə gecikən MTRŞ şura üzvləri nominantları sadəcə artıq pərdə arxasında hazırlanmış qərarı ilə tanış edərək, seçilmiş qalibi elan etdi.

Qalib CBC (Caspian Broadcasting Company) şirkəti oldu!
Odur ki, əziz Dostlar, bizi ANS uğrunda vuruşmamaqda suçlamayın. Biz istəyirik ki, bizdə olan bilik və təcrübə ilə Xalqımıza və Vətənimizə faydalı olaq. Lakin hər şey bizim istədiyimiz kimi olmur, əksinə, bugün mədəni-maarif və media sahəsində bir sıra vacib şeylər bizim istəmədiyimiz kimi olur.
Hər halda toplantının sonunda mən Azərbaycanda ilk FM Radiosu, Milli Qəhrəman Çingiz Mustafayev adına ANS-ÇM radiostansiyanın yaradıcısı kimi, CBC-FM təşkilatını təbrik etdim, onlara ağır və məsuliyyətli işlərində bilik, təşəbbüskarlıq və ən əsası, uğurlar arzu etdim və bütün işlərində onlara dəstək olacağımıza söz verdim. Təəssüf ki, nominantlardan CBC-ni yalnız biz, ANS təbrik etdi, amma düşünürəm bu səhvdir – onları hamı təbrik etməli idi! Biz hamımız Qarabağda çalışan Azərbaycan Radiosuna dəstək olmalıyıq, axı onlar düşmənlə üzbəüz, ön cəbhədədirlər.

Vətən sağ olsun!