“Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksin olunmayan müəllimlər əmək haqqının ödənilməsi hələ ki planlaşdırılmayıb. Son məlumata əsasən, 4435 orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən 150 min müəllimin 90 faizi artıq peyvəndləmədən keçib. Digərlərinin isə ya immunitet, ya da əks-göstəriş sertifikatı var. Bu göstərici bizə deməyə əsas verir ki, vaksinasiyadan keçməyən müəllimlər tədris prosesinə ciddi təsir göstərməyəcəklər. İstənilən halda, onlar maaşla bağlı sıxıntı yaşaya bilərlər”.

Gununsesi.info  xəbər verir ki, bu barədə  təhsil eksperti Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, Nazirlər Kabinetinin tədrisin təşkili qaydalarında qeyd olunur ki, işçilərin tədris prosesində iştirakı üçün mütləq koronavirus əleyhinə peyvənd vurulmalıdır: “Nazirlər Kabinetinin qərarında qeyd edilir ki, tədris prosesində istər tələbə, istər müəllimlər, istərsə də digər işçilər vaksin olunmalıdırlar. Yaşı 18-dən yuxarı olan vaksin olunmayan şəxslər tədris prosesində iştirak edə bilməzlər. Bu, zəruri tələbdir. Lakin, əlbəttə ki, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı olan vətəndaşların tədris prosesində iştirakı mümkündür. Tədris prosesində iştirak edə bilməyən müəllimlərin əmək haqqlarının ödənilməsində bir sıra problemlər olacaq. Vaksin vurdurmayan müəllimlərə əmək haqqılarının ödənilməsində müəyyən məhdudiyyətlərin tətbiq edilməsi qanunvericilikdə birmənalı olaraq öz əksini tapıb. Müəllimlər bu müddətdə əmək haqqı almaqla bağlı sıxıntı yaşaya bilərlər. Bu, danılmazdır. Təkcə müəllimlər yox, elə valideynlər də vaksin vurdurmadıqları təqdirdə tədris prosesində iştirak edə bilməzlər. Belə olan halda, onların nə valideyn iclaslarında, nə də digər tədbirlərdə iştirakına icazə verilməyəcək. Biz hələ də virusdan xilas ola bilmədiyimiz üçün bu, vacib və təbii tələbdir”.

Gununsesi.info