“Valideynin öz övladını dini rituallara məcbur ertməsi hüquqi məsuliyyət yaradır” -DEPUTAT

Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilib.

Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.

Gununsesi.info bildirir ki, Milli Məclisin deputatı Fazil Mustafa məsələyə belə münasibət bildirib:

“Azərbaycan dünyəvi dövlətdir. Bu o deməkdir ki, dövlət vətəndaşın necə yaşamasına, hansı dini seçməsinə və ya ümumiyyətlə dini inanca sahib olub-olmamasına qarışmır. Dövləti maraqlandıran əsas məsələ dini inancın və ya dini davranışın dünyəvi prinsiplərə zərər vurub-vurmamasıdır.

Bu prinsiplər nədən ibarətdir?

Başqasının hüququna toxunmamaq, fərqli insanlarla dinc yanaşı yaşamaq, tolerantlıq nümayiş etdirmək və cəmiyyətin bütün üzvlərinin azadlıq və hüquqlarını qorumaq. Dövlətin əsas vəzifəsi hər kəsin azadlığını təmin etməkdir”.

Deputat vurğulayıb ki, əgər hansısa dini inanc və ya onun tətbiq forması başqaları üçün qorxu və ya təhlükə yaradırsa, yaxud kiminsə hüququnu məhdudlaşdırırsa, dövlət həmin məqamda müdaxilə edir:

“Çünki məsələ artıq şəxsi inanc çərçivəsindən çıxaraq ictimai hüquq müstəvisinə keçir.

Bəzən “dini mahiyyəti üzrə yaşamaq” anlayışı gündəmə gəlir. Mahiyyəti üzrə yaşamaq o deməkdir ki, hər bir dinin əsas mənbəyi olan müqəddəs kitabların prinsiplərinə uyğun davranılsın. Məsələn, Quranda açıq şəkildə qeyd olunur ki, “dində zorakılıq yoxdur”. Dövlət də məsələyə məhz bu kontekstdən yanaşır ki, yetkinlik yaşına çatmayan şəxsi hansısa dini davranışa məcbur etmək doğru deyil.

Valideyn övladına dini dəyərləri öyrədə, dini təbliğ edə, yaxşı və pis əməli izah edə bilər. Lakin hər hansı ritualın məcburi şəkildə tətbiqi, xüsusilə də zor elementi ilə həyata keçirilməsi həm dini baxımdan, həm də dövlət qanunları baxımından məsuliyyət yaradır.

Valideynin övladın tərbiyəsi üzərində haqqı var. Amma dövlətin müəyyən etdiyi ümumi standartlar da mövcuddur. Məsələn, məktəb forması ilə bağlı qaydalar. Hicab məsələsi nə zaman problemə çevrilir? Əgər yetkinlik yaşına çatmış bir qız öz iradəsi ilə hicab bağlayırsa, bu onun seçimidir və həmin seçim məktəb və ya universitet dövrünə təsadüf edə bilər. Bu halda problem yoxdur.

Əsas məsələ iradədir. Hüquqi baxımdan iradə yetkinlik yaşından sonra tam şəkildə qəbul edilir. Yetkinlik yaşına çatmamış uşaqların iradəsi isə hüquqi baxımdan tam formalaşmış hesab edilmir. Bu səbəbdən dini tələblərin məhz bu yaş qrupuna məcburi şəkildə tətbiqi doğru sayılmır”.

 

 

Şəbnəm

Gununsesi.info