Valideynləri işgəncə alan məhbuslarla görüşə buraxmadılar -"TUBZON"DA NƏLƏR BAŞ VERİR?

  • By admin
  • 13 Oktyabr 2016 10:44

penitensiar_xidmet_190912

Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinə xüsusi təyinatlılar yeridilərkən fiziki zorakılığa məruz qalan, ağır bədən xəsarətləri aldığı ehtimal edilən məhbuslardan xəbər yoxdur.  Gununsesi.info bildirir ki, döyüldükdən sonra “Tubzon” adlandırılan işgəncə kalonuna aparılan Elvin Mahmudovun ailəsi onunla görüşmək istəsə də buna nail ola bilməyib. Məhkumun valideyinləri bir neçə saat “Tubzon”nun qarşısında gözləsələr də onlara nə görüş verilib, nə də övladları barəsində bir məlumat deyilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Penitensiar Xidmətin xüsusi təyinatlıları 13 saylı cəzaçəkmə müəssisəsinə daxil olaraq, bir neçə məhkumu vəhşicəsinə döyüblər. Məhkumlardan Elvin Mahmudov və Emin Əlizadə ağır bədən xəsarətləri alıb. Onların hər ikisini “Tubzon”a aparıb, orada yenidən döyüblər.

Qeyd edək ki, olayla bağlı Ombudsan Aparatından Gununsesi.info-ya bu xəbərin araşdırıldığı və ictimaiyyətə məlumat veriləcəyi deyilib.

Gülnaz Qənbərli

Gununsesi.info