Valideynsiz qalan iki tələbə ədalət axtarışında - SUMQAYIT İCRA İDARƏSİ 12 İLDİR Kİ,MƏHKƏMƏ QƏRARINI İCRA ETMİR

  • By admin
  • 14 Mart 2022 11:37
Ata və anası yaxın tarixlərdə itirmiş, iki tələbə ədalət axtarışında!
Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1037/10 saylı, 13.05.2010-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə və onun əsasında verilmiş icra sənədinə əsasən Fərəcov Kamal İldırım oğlu, Fərəcova Güllər Kamal qızı və Hacıyeva Dünyaxanım Rafiq qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3, mənzil 69-dan çıxarılması qət edilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsi Şəhər Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb, iddiaçı A.S.Səfərəliyevin ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsini qət etmişdir.
Ancaq buna baxmayaraq, qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan məhkəmə qətnaməsi 12 ildir icra edilmir.
İcra sənədinin 2021-ci ilin noyabr ayından bəri icra hərəkətlərinin operativ şəkildə aparılması üçün tələbkar və vəkil tərəfindən dəfələrlə icra şöbəsinə və yuxarı ədliyyə qurumlarına müraciətlər edilmiş, məlumat əldə etmək üçün telefon vasitəsilə daimi əlaqə saxlanılmışdır.
30 noyabr 2021-ci il tarixdə tələbkarların vəkili icra işi ilə tanış olan zaman müəyyən etmişdir ki, icra məmuru Gündüz Aslanova çox saylı müraciətlərimiz olmasına baxmayaraq, heç bir icra hərəkəti aparılmayıb. 
Biz həmin icra qurumunun rəisinə müraciət etmişik  və onun qəbulunda olub, öz narazılığımı bildirmişik. 2021-ci ilin dekabr ayından bəri icra sənədinin icrası ilə bağlı məcburi icra tədbirləri görülmür. Bu hal isə bizim haqlı narazılığımıza gətirib çıxarır. İcra məmuru Gündüz Aslanov 2021-ci ilin dekabr ayından bəri bizə və vəkilimizə şifahi olaraq bildirir ki, məhkəməyə borclunun məcburi gətirilməsi barədə təqdimat ilə müraciət etmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinə rəsmi müraciətimizdən sonra belə bir təqdimatın məhkəməyə daxil olmaması barədə şifahi məlumat verilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 02.02.2022-ci il tarixli məktubuna əsasən məlum olmuşdur ki, Fərəcova Güllər Kamal qızı barəsində məhkəməyə məcburi gətirilməsi barədə təqdimat 02 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, 8(060)-103/2022 saylı nömrə ilə qeydiyyata alınaraq hakim Rəşad Qoşqarlının icraatına verilmişdir. 
İcra məmuru borclunu tapa bilmədiyini bildirsə də borclu həmin məhkəmə iclasında iştirak etmiş və ona icra məmuru tərəfindən şifahi və yazılı bildirişin göndərilmədiyini qeyd etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin hakim Rəşad Qoşqarlı təqdimatı əsassız hesab edib rədd etmişdir. Həmin məhkəmə iclasında icra məmuru iştirak etməmişdir. Daha sonra icra məmuru ilə əlaqə saxlayan zaman qeyd olunanlarla bağlı bildirmişdir ki, borclu yalan danışır, o, borcluya bu barədə dəfələrlə yazılı və şifahi bildiriş göndərib, yekunda icra məmuru Gündüz Aslanov bizə hakimin əsassız qərardadından şikayət verməyi məsləhət görmüşdür.
02.03.2022-ci il tarixdə qeyd olunan icra işinin materialları ilə tanış olmaq, ötən bir ay ərzində icra məmuru tərəfindən edilmiş hərəkətlərlə tanış olmaq üçün Sumqayıt Şəhər İcra İdarəsinə getmişdik. İlk əvvəl icra məmuru G.Aslanov ona icra işi ilə tanış olmaq üçün şərait yaratmaqdan imtina etsə də sonradan bununla razılaşmışdır. Ancaq bütün problemlər bundan sonra başladı. Belə ki, 02.03.2022-ci il tarixdə, saat 12:30 radələrində icra işi ilə tanış olan zaman müəyyən etdik ki, icra məmuru tərəfindən hələ də məcburi icra hərəkətləri aparılmır, tərəflərə ümumiyyətlə bildiriş və qərarlar göndərilməyib, hətta icra işinin içindəki qərar və təqdimatlarda imza yoxdur. 
İcra məmuru Gündüz Aslanovdan iş materialların çıxarışlar etməyimiz üçün şərait yaratmağı xahiş etsək də, o, qanunla vəzifəsi olan hərəkəti etməmiş, tələbkarların vəkilinin işlə tanış olma və ondan çıxarışlar etmək hüququnu məhdudlaşdırmışdır. Halbuki, İcra Məmurları haqqında Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icrada iştirak edən tərəflərə və onların nümayəndələrinə icra sənədləri ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaratmağa borcludur.
Bundan başqa İcra məmuru “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 15-ci maddələrinin də imperativ göstərişlərini pozmuşdur.
Yekunda onu da qeyd edək ki, 15.02.2022-ci il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə daxil olmuş məktuba əsasən “İcra Haqqında” Qanunun 42-ci maddəsinə əsasən Gündüz Aslanovun icraatında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1037/10 saylı, 13.05.2010-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının həyata keçirilməsinin qurumun digər icra məmuruna verilməsini xahiş etmişik. Lakin həmin etiraza da rəsmi qaydada münasibət bildirilməmişdir. Halbuki, qanunvericiliyə əsasən İcra məmuruna etiraz etmə haqqında məsələ icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən 10 (on) gün müddətində həll edilməli idi.
Yuxarıda sadalananları ümumiləşdirib qeyd edirik ki, Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” 7 və 15-ci maddələri, “İcra haqqında” və “İcra Məmurları haqqında” qanunun tələbləri, ən əsası Səfərəliyev Rauf Asif oğlu və Səfərəliyev Ramil Asif oğlunun Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş Əsas İnsan və Vətəndaş hüququ olan “Hüquq və azadlıqların inzibati icraat və məhkəmə təminatı” hüququ kobud şəkildə pozulmuşdur.
Onu da qeyd edək ki, İcra məmuru Gündüz Aslanov belə həssas məsələyə çox səthi yanaşır. Belə ki, Səfərəliyev Rauf Asif oğlu və qardaşı Səfərəliyev Ramil Asif oğlu Bakı Mühəndislik Universitetinin mexanika mühəndisliyi fakültəsini, qardaşı isə Azərbaycan-Fransa Universitetinin neft mühəndisliyi fakültəsini bitirmişdir. Hal-hazırda ikisi də magistr təhsili alır. İki ilə yaxındır ki, atalarını itirmiş, anaları isə COVID-19 (koronovuirus) xəstəliyindən dünyasını dəyişmişdir. Sumqayıt şəhər 9-cu mkr., ev 31, mənzil 69 ünvanında yerləşən mənzildə isə məcburi köçkün Fərəcova Güllər Kamal qızı qanunsuz məskunlaşdığından onlar KİRAYƏDƏ YAŞAMAQ məcburiyyətində qalırlar. Evsizlik və az məvaciblə kirayədə qalmaq, tələbə kimi ehtiyaclarını ödəmək çox böyük çətinliklər yaradır.
Qeyd olunanlara əsasən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin və icra məmuru Gündüz Aslanovun fəaliyyətinin nəzarətə götürülməsi və müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, 1-ci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya, Ədliyyə Naziri cənab Fikrət Məmmədova və müavini cənab Eldar Nuriyevə və İcra Baş İdarəsinin rəisi cənab İlqar Cəfərova dəfələrlə tərəfimizdən yazılı müraciətlər edilsə də Sumqayıt Şəhəri üzrə İcra İdarəsi və icra məmuru Gündüz Aslanov öz qanunsuz hərəkətlərini etməkdə davam etmişdir.
Gununsesi.info