Valyuta məzənnələrinin dəyişməsi SOCAR-a böyük ziyan vurub - HESABAT

  • By admin
  • 06 İyun 2019 09:58

2017-ci illə müqayisədə SOCAR-ın gəlirləri artsa da xalis mənfəəti azalıb. Əsas səbəblər satışın maya dəyərinin artması, valyuta məzənnələrinin dəyişməsidir.

 

Gununsesi.org SOCAR-ın illik hesabatına istinadən xəbər verir ki, bir əvvəlki illə müqayisədə 2018-ci ildə dövlət şirkətinin gəlirləri 18 milyard 627 milyon manat və ya 20,1% artaraq 111 milyard 198 milyon manata yüksəlib. Eyni zamanda, SOCAR-ın satış xərcləri 18 milyard 113 milyon manat və ya 20,7% artaraq 105 milyard 453 milyon manat təşkil edib. Nəticədə, ötən il satışdan xalis gəlir 5 milyard 730 milyon manat təşkil edib. 2017-ci ildə xalis gəlir 5 milyard 219 milyon manat təşkil etmişdi. Qısası, xərclərin artması gəlirin artmasını silib.

 

Ötən il SOCAR-ın əməliyyat gəliri (inzibati və digər ərclər çıxıldıqdan sonra qalan gəlir) 3 milyard 595 milyon manat təşkil edib. Bu, 2017-ci illə müqayisədə 1 milyard 73 milyon manat və ya 42,5% çoxdur. Amma valyuta məzənnələrinin dəyişməsi SOCAR-da 698 milyon manat zərər yaratdığından, maliyyə xərcləri 296 milyon manat artdığından və 572 milyon manat daha çox mənfəət vergisi ödənildiyindən xalis mənfəət 2017-ci illə müqayisədə 868 milyon manat və ya 41,5% azalaraq 1 milyard 224 milyon manata düşüb.

 

Müqayisə üçün qeyd edək ki,  2017-ci ildə SOCAR 2 milyard 92 milyon manat xalis mənfəət əldə etmişdi.

Gununsesi.org