Van Qoqun məşhur tablosunda gizli avtoportret aşkar edilib

  • By admin
  • 17 İyul 2022 14:30

Şotlandiya Milli Qalereyasının mütəxəssisləri Vinsent Van Qoqun 1885-ci ildə çəkdiyi “Ağ papaqlı kəndli qadın” kətan portretinin arxa hissəsində müəllifin əvvəllər məlum olmayan avtoportretini aşkar ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, avtoportret Edinburqda impressionistlərin sərgisinə hazırlaşarkən tablo rentgen şüaları ilə çəkildikdən sonra təsadüfən aşkar edilib.

Qeyd edək ki, holland rəssam yeni kətanlar üçün pula qənaət etmək məqsədilə tez-tez rəsm əsərlərinin əks üzünə avtoportretlər çəkirdi. Bu günlərdə aşkar olunan avtoportret yapışqan təbəqələr və karton altında gizlədilib. Tapıntı Van Qoqun 1883-1885-ci illərdə çəkilmiş beş eksperimental avtoportretindən biri kimi qiymətləndirilib.

Aşkar edilmiş portretdə kənarları olan papaq taxmış və oturmuş saqqallı kişi görmək mümkündür.

Restavratorlar orijinal tablonu qoruyub saxlayaraq avtoportreti bərpa etmək niyyətindədirlər.

Gununsesi.info