“Yeni Azərbaycan Partiyasının (YAP) ötən gün keçirilən VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında yeni dinamik proseslərin başlandığını təsdiqlədi. Partiyamızın Sədri, Prezident İlham Əliyevin çıxışının əsas siyasi məğzi ondan ibarət idi ki, Azərbaycan inkişaf edir, dərin və əhatəli siyasi-iqtisadi, sosial islahatlar ildən-ilə genişlənir”.
Gununsesi.info xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev müəllif yazısında qeyd edib.
Sözügedən yazını təqdim edirik:
“Ölkənin aparıcı avanqard siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ictimai-siyasi demokratik islahatların, iqtisadi tərəqqinin təmin edilməsində birbaşa rol oynayır, demokratik və yeniləşmə proseslərinin təkanverici qüvvəsi kimi çıxış edir.
İqtidar partiyası olan YAP yarandığı gündən Ulu öndər Heydər Əliyevin parlaq ideyalarına sadiq qalaraq respublikamızda siyasi və iqtisadi sabitliyin təmin olunması, iqtisadiyyatın sürətli inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi, demokratik islahatların davam etdirilməsində inamlı və inadlı addımlarla irəliləmişdir.
Partiyamız ötən 29 ildə bir çox möhtəşəm uğurlara imza atmış, siyasi fəaliyyətini təkmilləşdirərək müasir demokratik proseslərə uyğun yeniliklərə açıq olmuşdur.
2018-ci ildə YAP Sədri İlham Əliyevin növbəti dəfə xalqın yekdilliklə etimadını qazanaraq Prezident seçilməsindən sonra Azərbaycanda müasirləşmə və yeniləşmə siyasəti tamamilə yeni mərhələyə keçid aldı. İnkişaf edən, Müasirləşən, Yeniləşən Azərbaycanın yeni çağırışlarının fəlsəfəsinə uyğun olaraq təkmilləşən YAP ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının ahənginə uyğun aparılan yeni islahatların ayrılmaz tərkib hissəsinə çevrilibdir. Partiyamız son 3 ildə Azərbaycanın inkişaf şüarı olan “müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah” prinsipi ilə ölkəmizin siyasi və iqtisadi uğurlarında bilavasitə yaxından iştirak edərək iqtisadi tərəqqinin və zəngin sosial rifahın qazanılmasında mühüm rol oynamışdır.
Partiyanın ötən qurultayından keçən 3 il ərzində Azərbaycan misilsiz uğurlara imza atdı, ölkəmizin bir nömrəli problemi olan Qarabağ məsələsini öz gücü və iradəsi ilə həll etdi. Erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu illər ərzində yetişən milli vətənpərvər gənclik Azərbaycanın milli maraqlarının qorunmasında, dövlətçiliyimizin möhkəmlənməsində və inkişafında xüsusi rol oynayıb. Bu illər ərzində yeni nəsil hərbçilərimiz yetişib və Cənab Prezidentin vurğuladığı kimi bu nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi.
Son 3 ildə ölkəmizdə baş verən kardinal demokratik dəyişim, əhatəli, dönməz islahatların dərinləşməsi YAP-ın idarə edilməsində, partiya fəaliyyətinin yeni dövrə uyğun tənzimlənməsində daha çevik mexanizmlərin yaradılmasını labüdləşdirir, struktur dəyişikliklərini zəruri edirdi. Qurultayda bu amillər konseptual olaraq reallaşdı, YAP-ın həm yeni formalaşan strukturlarında, həm qəbul edilən yeni nizamnaməsində öz təşəkkülünü tapdı.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin Birinci müavini seçilməsi partiya həyatında böyük hadisə olmaqla, YAP-ın siyasi dinamikliyinin və nüfuzunun artmasında, ictimai proseslərə daha dərindən nüfuz etməsində, partiyanın ölkədə siyasi dialoqun möhkəmlənməsində rolunun yüksəlməsində, başqa ölkələrin siyasi təşkilatları ilə daha yüksək səviyyədə əlaqələrin qurulmasında mühüm rol oynayacaq.
YAP sabahların, yeni ümidlərin, nikbin Gələcəyin partiyası olduğundan yeni nəsil bu şərəfli və məsuliyyətli siyasi proqressiyanın əsas avanqard qüvvəsidir. Partiyada aparılan gəncləşmə siyasəti də təsdiqləyir ki, YAP strukturlarında istedadlı və vətənpərvər, işgüzar, çalışqan və yeni fikirli insanlara geniş yol açılmaqdadır. Bu baxımdan partiyanın qurultayında gənclərin xüsusi yer aldığı yeni İdarə Heyətinin təşkili siyasi mübarizənin dinamikləşməsinə, partiya təşviqatının və reformaların ahənginin yüksəlməsinə təkan verəcəkdir.
YAP-da yeniləşmə partiyanın Heydər Əliyev ideyaları əsasında yeni fəlsəfi məzmun kəsb etməsinə şərait yaradacaq. Ulu öndərin gələcəyin etibarlı qarantı və sütunu hesab etdiyi müasir yüksək ali təhsilli və təfəkkürlü yeni nəsil, gənclik həm Azərbaycanın inkişafı, həm də YAP-ın güclü nüfuzunun möhkəmlənməsində yorulmadan töhfə verəcəkdir.
Hazırda ölkəmizdə yeni ictimai münasibətlər, siyasi vəziyyət formalaşır. Azərbaycanın milli maraqlarının möhkəmlənməsi fonunda ölkəmizdə siyasi həmrəylik də güclənir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi indi biz yeni dövrə qədəm qoyuruq. “Yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, – əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub”.
Qurultayda ölkənin 6 partiyasının müraciət edərək YAP-a qoşulması partiyamızın alternativi olmayan güclü və monoliy siyasi təşkilat olmasını təsdiqləyir.
Son proseslər də təsdiqlədi ki, Azərbaycanda ümummilli dövlət maraqları hər şeydən üstündür və YAP-ın ideoloji konseptlərindən biri olan milli ideya, həmrəylik bu gün siyasi qüvvələrin fəaliyyətində əsas trendə çevrilməkdədir. AXC-Müsavat kimi anti-milli ünsürlər istisna olmaqla bütün siyasi və ictimai qüvvələr dövlətin vahid ideoloji konsepsiyasına qoşularaq ümummilli məsələlərdə vahid mövqe nümayiş etdirirlər. Bunu qurultayda İlham Əliyev xüsusilə vurğuladı: “Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.
Partiyamızın Sədri İlham Əliyevin qeyd etdiyi kimi biz bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq. “Biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun”.
Gununsesi.info