Rusiya lideri Putinə qarşı başlatdığı qiyamdan cəmi 2 ay sonra şübhəli şəkildə dünyasını dəyişən rus muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin ölümünün 40-cı günündə yaxınları tərəfindən məzarı başında yad edilib.
Gununsesi.info xəbər verir ki, təyyarə qəzasında həlak olan “Vaqner” lideri Yevgeni Priqojinin anası Violetta (83) və oğlu Pavel (25), Sankt-Peterburqda məzarını ziyarət edib.
Putinin keçmiş müttəfiqi, iyun ayında şiddətli qiyamla Kremli devirməyə cəhd edib. Lakin cəmi iki ay sonra Rusiyanın uğursuz muzdlu qruplaşması “Vaqner”in lideri Priqojinin səyahət etdiyi təyyarə göydə alov içində partlayıb. Təyyarədə olan 10 nəfərin hamısı ölüb və “Vaqner” qrupu tezliklə sui-qəsdin arxasında Putinin olduğunu iddia edib. Ölümü bütün dünyaya səs salan Priqojin Sankt-Peterburq qəbiristanlığında dəfn edilib.
Bəziləri təyyarənin içindəki cəsədin Priqojinin əvəzinə başqasına məxsus olduğunu və 62 yaşlı Priqojinin sakitcə xaricə qaçdığını iddia edib. Lakin ənənəvi mərasimdə anası və oğlunun iştirakı Priqojinin təyyarənin içərisində öldüyünü qəbul etdiklərini göstərir.
Ölümünün 40-cı günündə Moskvada və bir çox başqa şəhərlərdə mərasimlər keçirilib. Mərasimlərə minlərlə rusiyalı qatılıb, lakin dövlət televiziyası bu kadrların heç birini nümayiş etdirməyib. Putinin əleyhdarları ana və oğlunu qəbiristanlıqda tək qoymayıb, əllərində “Qan, namus, vətən, igidlik” yazılmış plakatlar tutublar.
Priqojinin 100 milyon funt-sterlinqlik sərvətini miras alacaq oğlu Pavel atasının ölümündən sonra mətbuatda nadir hallarda görünüb. Priqojinin vəsiyyətinin şərtlərinə görə, Pavel indi ailəsinin qayğısına qalmalıdır. Bəzi rusiyalı ekspertlər Pavelin mirasın bir hissəsi kimi Vaqner qrupuna nəzarəti öz üzərinə götürəcəyini iddia edirlər.
Səid Əhmədli
Gununsesi.info