“Vaqner”çilər artıq Belarusda göründülər

  • By admin
  • 15 İyul 2023 18:08

Bu gün səhər saatlarında Belarusda “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) böyük avtomobil karvanı və yük maşınları görünüb.

Bu barədə “Belaruski Qayun” monitorinq qrupu xəbər verib.

Bildirilir ki, onlar Rusiyadan Belarusa Kriçev vilayətindən daxil olublar. Daha sonra isə Roqaçovdan keçərək Bobruyska, oradan da Osipoviçə gediblər. Marşrut göstərir ki, ÖHŞ-nin kolonu Tsel kəndindəki çadır düşərgəsinə doğru hərəkət edir.

“Belaruski Qayun” qrupunun məlumatına görə, karvanda pikaplar, böyük yük maşınları, “buxanka”lar və insanların daşınması üçün azı üç avtobus da daxil olmaqla 60 nəqliyyat vasitəsi var. Kolon Belarus Respublikasının yol polisi tərəfindən müşayiət olunub.

Qeyd edək ki, dünən Rusiya hərbi müxbirləri “Vaqner” karvanının (ağır texnikasız) səhra düşərgələrini tərk edərək polisin müşayiəti ilə M4 şosesi ilə Moskvaya doğru hərəkət etdiyi barədə xəbər veriblər. Onların sözlərinə görə, kolonda Belarusa məxsus seriya nömrəli avtobuslar görünüb.

Xatırladaq ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin iyunun 24-nə keçən gecə Rusiyada silahlı qiyama başlayıb. O, Rusiya Müdafiə Nazirliyini onun döyüşçülərinə zərbə endirməkdə ittiham edib. Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqlayıb. Amma axşam saatlarında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra bu planlarından əl çəkib. Bildirilib ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verilib.

Gununsesi.info