Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olunub.
Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.
Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Sözügedən məsələ müzakirələrə səbəb olur.
Onun niyə ömürlük azadlıqdan məhrum edilmədiyi bəzi insanlar arasında narazılıq və narahatlıq da doğurub.
Maraqlıdır, bu, nə ilə əlaqəli ola bilər? Daha humanist addım, yoxsa başqa məqamlar var?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.
O bildirib, bu məsələdə nəzərə alınan motiv, çox güman, onun sonradan Qarabağ separatçı hərəkata qoşulması və son illərdə hansısa bir şəkildə davam etməsinə davam etməsinə dəstək verən bir şəxs, başqa ölkənin vətəndaşı olmasıdır:
“Amma digər üzvlər, qondarma rejimin prezidentləri və başqa vəzifəli şəxsləri isə biləvasitə bu hərəkatın içində yer almış, azərbaycanlıların qətlində, Azərbaycan dövlətinə qarşı bütün proseslərdə iştirak etmiş şəxslərdir. Məncə, bu, doğru bir yanaşmadır. Çünki həqiqətəndə Vardanyan Qarabağ məsələlərində son iki ildə müəyyən rolu olan şəxsdir. Bundan əvvəl isə böyük cinayətlər baş vermişdi ki, qondarma rejimin prezidentləri və digər şəxslər aktiv iştirak etmişdilər. Məsələnin əsl mahiyyəti budur.
Orxan











