Varşavada polis Prezident Adminstrasiyasına basqın etdi: Sabiq nazir və müavini saxlanıldı

Polşada polis Prezident Adminstrasiyasına basqın düzənləyib. Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski və müavini Maçey Vonsik Varşavada saxlanılıb.

Gununsesi.info xəbər verir ki, sabiq məmurların saxlanması ölkə Prezidenti Andjey Dudanın iştirakı olmadan baş tutub.

Dövlət başçısı Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşdə olub. Duda Prezident Sarayına qayıtdıqdan sonra Kaminski və Vonsiklə danışıq aparmalı idi.

Bundan əvvəl Polşa Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Mariuş Kaminski və onun müavini Maçey Vonsikin deputat mandatlarından məhrum edildiyi bildirilirdi. Polşa KİV-lərinin məlumatına görə, 2015-ci ilin martında Varşava-Sredmestye Dairə Məhkəməsi Kaminski və Vonsiki vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edib. Lakin daha sonra prezident kimi fəaliyyətə başlayan Andjey Duda hüquq normalarına zidd olaraq Kaminski və Vonsiki əfv edib.

2023-cü ilin iyununda Polşa məhkəməsi Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri və onun müavininin işlərinin dayandırılmasını ləğv edib.

Gununsesi.info