İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (LAS) Təmas Qrupu üzvlərinin Vaşinqtonda “Four Seasons” otelində Qəzza ilə bağlı keçirdiyi brifinqdə Fələstinin xarici işlər naziri Riyad əl-Malikə söz verilməyib.
Gununsesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Fələstinli nazirə ünvanlanan sualı cavablandırıb.
“Cənab Əl-Maliki viza şərtlərinə görə sualınıza cavab verə bilmir. Demək istədiyim odur ki, ABŞ hökuməti cənab Əl-Malikini (bu suallara) cavab verməyə mane olacaq şəkildə məhdudlaşdırıb. O, medianın suallarına cavab verə bilmir və onlarla ünsiyyət qura bilmir”, – deyə nazir bildirib.
Bu arada ABŞ Dövlət Departamenti fərdi viza sənədləri ilə bağlı məlumat verə bilməyəcəyini, lakin ABŞ-ın immiqrasiya qanununda insanların media ilə əlaqə saxlamasını qadağan edən müddəaların olmadığını bildirib.
“ABŞ qanunlarına görə, viza məlumatları məxfidir. Bu səbəbdən biz fərdi viza sənədlərinin təfərrüatlarını açıqlaya bilmərik”, – Dövlət Departamentinin sözçüsü Metyu Miller “Anadolu” agentliyinə insidenti şərh edərkən deyib.
O, həmçinin təsdiq edib ki, ABŞ-ın immiqrasiya qanununda şəxslərin mediaya açıqlama verməsini qadağan edən heç bir müddəa yoxdur.
Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyi Amerika Dövlət Departamentinin bəyanatlarına heç bir şərh vermədiklərini qeyd edib.
Qəzza üzrə İƏT-LAS Əlaqə Qrupunun Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenlə də görüşü gözlənilir. Şənbə günü, dekabrın 9-da Əlaqə Qrupu Kanadada görüşəcək.
Gununsesi.info