Vaşinqtonun məktubu və İmran Xanın istefası - TƏHLİL

  • By admin
  • 04 Aprel 2022 16:08

Gununsesi.info xəbər verir ki, Pakistanın baş nazirinin istefa verməsi və yeni seçkilər təyin edilməsi ölkə daxilində yaranmış siyasi böhranın həllinə hesablanmış addımdır: İmran Xan onu uzaqlaşdırmaq istəyən müxalifəti qabaqladı və bu, ona seçkidə yenidən qalib gələrək, yaranmış böhranı həll etməyə, daha da güclənməyə imkan verə bilər.

Bu prosesdə əsas diqqət çəkən məqam İmran Xanın baş verənlərə görə ABŞ-ı ittiham etməsi, “Vaşinqton məni devirmək istəyir” iddiasıdır. Onun iddiasına görə, Pakistanın ABŞ-dakı səfirinə “İmran Xan gedərsə, Pakistan əfv ediləcək, əks təqdirdə, nəticələri ağır olacaq” mətninin yazıldığı məktub verilib.

Bu, baş nazirin ictimai rəyə təsir etmək və dəstək qazanmaq üçün daxili seqmentə hesablanmış gedişi də ola bilər. Bütün hallarda növbəti seçkilərdə Vaşinqtonun məktubunun səsverməyə təsir edəcəyi ehtimalı böyükdür.

Lakin Ukrayna müharibəsindən sonra geosiyasi qarşıdurmanın pik həddə çatması fonunda ABŞ-ın İmran Xanı istəməməsi də mümkün görünür. Hesab etmək olar ki, Vaşinqton Putinin Ukraynaya işğal hücumuna başladığı gün – 24 fevralda İmran Xanın Moskva səfərini, ümumilikdə İslamabadın Moskva ilə yaxınlığını bağışlamır. Hərçənd, Vaşinqton bunun üçün digər ölkələr kimi, Pakistana da xəbərdarlıq edə bilərdi.

İmran Xanın dediyi kimi, “devirmək istəyi” məsələnin təkcə Moskva səfəri, yaxud Ukrayna müharibəsinin gedişində Rusiya ilə əməkdaşlıqdan daha dərin olduğunu deməyə əsas verir.

Baş verənlərə ABŞ-ın Əfqanıstandan çıxması fonunda baxmaq mümkündür: Vaşinqtonun 20 il sonra Əfqanıstanda Talibanın önünü açması Çinin sərhədlərində, həm də “Bir kəmər, bir yol” layihəsinin quru dəhlizlərində qeyri-stabilliyin yaradılması planının tərkib hissəsi kimi görünür. Xüsusilə İŞİD-Xorasan qruplaşmasının aktivliyi və Yaxın Şərqdə terrorçuların bu bölgəyə transferi perspektləri də bu ehtimalı gücləndirir.

Taliban üzərində ciddi təsirə malik olan Pakistan bu prosesdə həlledici amildir və mümkündür ki, İslamabad Çinin Talibanla işləməsinə, bölgənin stabilləşməsinə kömək edir, ABŞ-ın bölgə üzərindəki planının önünü kəsir.

Bu baxımdan, seçkiyə qədərki üç aylıq dövr həm Pakistanda, həm də o bölgədə kritik olacaq. Bizim üçün əsas məqam Pakistan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlığının davam etməsi və inkişafıdır. Çünki bu, həm Avrasiyanın gələcəyində daha güclü mövqe tutmağımız, həm də Türkiyənin regional güc kimi irəliləməsi baxımından əhəmiyyətlidir.

Asif Nərimanlı

Gununsesi.info