Vaxtı keçmiş ərzaqlar təkrar satışa çıxarılır - EKSPERT

  • By admin
  • 18 Yanvar 2017 12:11

erzaq

“Bir sıra pərakəndə ticarət obyektlərində yararsız hala düşmüş məhsulların geri qaytarılması mal göndərənlər tərəfindən istehsal tarixi, yararlılıq müdddəti dəyişdirilərək, bəzən hətta dəyişdirilməyərək, yenidən etiketlənərək təkrar pərakəndə ticarətə qayıtması ilə nəticələnir”. 

Bu haqda Gununsesi.info-ya İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov paytaxtın ticarət müəssisələrində yararlılıq müddəti bitmiş ərzaqların təkrara satışa çıxarılmasına münasibət bildirərkən belə deyib.

A.Sərdarov qeyd edib ki, qarşılıqlı razılaşmaya əsasən bəzi pərakəndə ticarət obyektlərində istifadəyə  yararsız hala düşmüş, saxlama və yararlılıq müddəti bitmiş, temperatur rejimi və saxlama şəraitinin pozulması nəricəsində keyfiyyətini itirmiş məhsullar pərakəndə ticarət obyektləri tərəfindən satışdan çıxarılaraq mal göndərən təşkilatlara geri qaytarılır. Onun sözlərinə görə,  qanunvericiliyə əsasən, bu cür malların satışının qadağan olunduğunu nəzərə alsaq, istehsalçı, idxalçı və təchizatçı müəssisələr tərəfindən həmin malların geri yığılması başa düşülən deyil: “Bir sıra pərakəndə ticarət obyektləri isə bu halı malları geri qaytararaq dəyərinin əvəzləşdirilməsi, yaxud istifadəyə yararsız malların əvəzinə yararlı mal götürülməsi ilə izah edirlər. Bu hal iqtisadi münasibətlərdə, istehlakçıların hüquqlarının qorunmasında, rəqabətli bazar mühitinin yaranmasında da ciddi problemlər yaradır. Təklif edirəm ki, Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları” nın 4.8-ci bəndinə aşağıdakı 7 2-ci abzas əlavə edilsin. Saxlama və yaralılıq müddəti  ötmüş və istifadəyə yarasız hala düşmüş malların pərakəndə ticarət, ictimai-iaşə və digər obyektlərdən mal göndərən sahibkarlıq subyektlərinə qaytarılması qadağandır. Bu malların adi qaydada yerində məhv edilməsi mümkün deyilsə, onlar məhv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada bu sahadə fəaliyyət göstərən ixtisaslaşmış müəssisələrə təhvil verilməlidir”-, deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info