“Velosiped istehsal edə bilmirik, avtomobil istehsalından söhbət açmaq isə mənim üçün gülüncdür” -ƏKRƏM HƏSƏNOV

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bildirib ki, 2019-cu ildən etibarən elektrik mühərrikli avtomobillərin idxalı, 2022-ci ildən isə həm idxalı, həm də satışı ƏDV-dən azad edilib.

O, qeyd edib ki, hibrid mühərrikli avtomobillər üçün də 2022-ci ildən başlayaraq 4 il müddətinə ƏDV güzəşti tətbiq olunur. 

Nicat İmanov əlavə edib ki, bu güzəştlər elektrik və hibrid nəqliyyat vasitələrinə olan marağı artıraraq ölkənin avtomobil parkının yenilənməsinə müsbət təsir göstərib. Eyni zamanda, 2023-cü ildən yerli avtomobil istehsalı ilə məşğul olan şəxslər də vergidən azad edilib.

Gununsesi.info-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov məsələyə belə münsibət bildirib:

“Büdcə sistem haqqında qanuna görə, layihələr 25 oktyabradək ictimaiyyət üçün açıq və dərc olunmalı idi. Lakin həmin tarixədək dərc olunmadı, ötən həftə bir gün Milli Məclisin saytında göründülər, sonra isə yenidən yoxa çıxdılar.

Əgər bu layihələr doğrudan da ƏDV-dən azad etməklə Azərbaycanda yerli avtomobil istehsalına səbəb olacaqsa, bu yaxşıdır. Amma mən inanmıram ki, belə olacaq. Biz balaca ölkəyik və hər sahədə, hər işdə uğur qazanmaq mümkün deyil”.

Əkrəm Həsənovun fikrincə, ölkədə kənd təsərrüfatı, avtomobil istehsalı və turizm inkişaf etdirilsə də, nəticədə heç biri yetərincə irəliləyiş göstərməyib.

“Məsələn, istehsal olunan avtomobili kim alacaq? İnsanlar yerli avtomobilləri almır. Velosiped istehsal edə bilmirik, avtomobil istehsalından söhbət açmaq isə mənim üçün gülüncdür.

Sadəcə, ƏDV yalnız xaricdən gələn maşınlara tətbiq olunur ki, dövlət büdcəsi bundan gəlir əldə etsin. “Yerli istehsal” adı verirlər, amma inanmıram ki, bu, reallığı əks etdirir.

Ümumiyyətlə, bu ilin və gələn ilin büdcəsi üçün edilən hər şey sadəcə büdcəyə əlavə gəlir gətirmək məqsədini güdür. İqtisadiyyatın inkişafı, təşviqat məsələlərini isə bu layihələrdə görmürəm”-deyə o fikirlərini yekunlaşdırıb.

 

 

 

Şəbnəm Rəhimova 

Gununsesi.info