“2026-cı ilin fevral ayı indidən Azərbaycan diplomatiyası və xarici siyasəti üçün olduqca məhsuldar sayıla bilər. Belə ki, bir gün fərqlə iki mühüm səfər baş tutdu”.
Bu sözləri Gununsesi.info–ya politoloq Turan Rzayev deyib.
O bildirib ki, öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər etdi, fevralın 9-da Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Roma Papası XIV Leo ilə görüşdü. Fevralın 10-da isə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər etdi. Hər iki səfər zahirən müxtəlif görünsə də, Bakının nəzərində ortaq, incə bir strateji xəttin davamıdır. Söhbət Roma Papası XIV Leo və ABŞ Prezidenti Donald Trampın Azərbaycana mümkün səfərindən gedir.
Siyasi şərhçi eyni zamanda qeyd edib ki, Roma Papası XIV Leonun səfəri həm də Donald Trampın səfəri üçün növbəti bir zəmin ola bilər:
Fikrimcə, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri həm də Trampın səfəri öncəsi bir növ kəşfiyyat və dəyərləndirmə mahiyyəti daşıyır. Prinsipcə, vitse-prezidenti qarşılayıb layiqincə yola salan bir ölkə rahatlıqla ABŞ prezidentini də qəbul edə bilər. Hər halda Donald Trampın səfərinin hakimiyyəti müddətində baş tutması mümkündür. Məsələn, ABŞ prezidentinin yekun sülh sazişinin imzalanmasından sonra Bakıya gəlməsi gözləniləndir.
Orxan












