Məlum oldugu kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə vergi amnitsiyasını nəzərdə tutan sənəd layihəsinin müzakirəsinə başlayıb. Sənəd layihəsində nəzərdə tutulur ki, növbəti ilədək vergi borcu olanlar 2017-ci ilin yanvar ayında onun 30 faiz, fevral ayında 50 faiz, mart ayında isə 70 faizini ödəyərsə, borcun qalıq hissəsini ödəməkdən azad olunacaqlar.
İqtisadçı-ekspert Cəfər İbrahimli Gununsesi.info-ya şərhində bildirdi ki, burada vergi ödəyicilərinin vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış borcların silinməsindən söhbət gedir. Vergi Məcəlləsi bu barədə nə deyir?
Vergi Məcəlləsi 58.7. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə, əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edilir.
Vüsalə Rüstəmova
Gununsesi.info