“Vergi Məcəlləsini iş adamlarının başına vursan, xəstəxanalıq olar” - Ekspert yazdı, tanınmış hüquqşünas cavab verdi

REAL Partiyası sədrinin müavini tanınmış iqtisadçı, ekspert Natiq Cəfərli Azərbaycanın Vergi Məcəlləsi ilə maraqlı fikir səsləndirib.

Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı sosial şəbəkə hesabında video paylaşan ekspert deyir ki, bu ağırlığında kitab sahibkarları əzmək üçündür.

“Əlimdə Azərbaycan Respublikasının Vergi Məcəlləsidir. Bu kitabın qalınlığına və kitabda olan maddələrin sayına diqqət edin. Bu kitab iş adamlarına rahat şərait yaratmaq üçün deyil. Bu onlara əziyyət vermək üçündür. Bu qalınlığında yığılan Vergi Məcəlləsini iş adamlarının başına vursan, xəstəxanalıq olar. Azərbaycana təcili olaraq çox sadə dildə yazılmış və çox sadə maddələrdən ibarət olan yeni Vergi Məcəlləsi lazımdır”.

Tanınmış hüquqşunas Fuad Ağayev isə ekspertin dediklərinə maraqlı münasibət bildirib. Fuad Ağayevin Natiq Cəfərlinin fikirlərinə cavabını təqdim edirik:

“Bu fikri illər uzunu bir çoxları deyir. Sizin dostunuz və qardaşınız Erkin Qədirli neçə ildir deputatdır və, deməli, onun qanunvericilik təşəbbüsü hüququ var. Belə olan təqdirdə, niyə indiyə kimi yeni Vergi Məcəlləsi layihəsi hazırlayıb, Məclisin, ondan da əvvəl ictimaiyyətin müzakirəsinə verməmisiniz? Yazdıqlarınızdan belə çıxır ki, gözləyirsiniz, həmin layihəni yenə də hökümət hazırlasın! Başa düşürəm, bu cür ciddi layihəni hazırlamaq üçün qanunvericilik texnikasına bələd mütəxəssisləriniz yoxdur. Belə isə sifariş verə bilərsiniz. Onu da deyə bilərsiniz ki, Məclis sizin lahiyənizə baxmayacaq, kənara atacaq. Bu dəlil də əsassızdır. Birincisi, belə cəhd etməmisiniz. İkincisi, əgər Milli Məclis deputatlarla belə davranacaqsa, seçkiləri niyə təbliğ edirsiniz?”

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info