Vergi Xidməti istehlakçılara üz tutdu

  • By admin
  • 23 İyun 2020 13:50

Məlum olduğu kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən yeni nəsil nəzarət-kassa aparatı quraşdırılmış pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi, yəni nağd ödəmələr zamanı ƏDV-nin 10 faizi, nağdsız ödəmələr zamanı isə ƏDV-nin 15 faizi istehlakçıya geri qaytarılır.

Gununsesi.org-un İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsinə istinadla verdiyi məlumata əsasən, ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir ki, həmin tələblərdən biri də malın və ya xidmətin (işin) adının nəzarət-kassa aparatının çekində qeyd olunmasıdır.

Mövcud təcrübədə bir sıra vergi ödəyiciləri tərəfindən istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çeklərində malın adı qeyd olunmur və bu hal vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.

Bu səbəbdən də maliyyə sanksiyalarına məruz qalmamaq üçün vergi ödəyicilərinə sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi təsərrüfat subyektlərində quraşdırılmış nəzarət-kassa aparatlarında müvafiq texniki sazlamaların aparılması və istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çekində qanunla nəzərdə tutulmuş məlumatların əks etdirilməsinin təmin olunması tövsiyə edilir.

Eyni zamanda, istehlakçılar belə hallarla qarşılaşdığı halda, yəni vergi ödəyicisi tərəfindən təqdim edilmiş çekdə malın əks olunmadığı halda, bu barədə dövlət vergi orqanlarına müraciət etmələri xahiş olunur.

Gununsesi.org