Vergidə xoşagəlməyən hadisələrin qarşısını almaq üçün vergi yükü azaldılmalıdır - Qüdrət Həsənquliyev

  • By admin
  • 16 Dekabr 2016 13:17
qudret-hesenquliyev-99
Vergi sahəsində xoşagəlməyən hadisələrin qarşısını almaq üçün vergi yükü azaldılmalıdır.
 Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev  parlamentdə Vergi Məcəlləsinə dəyişikliklər  məsələsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə,  bu gün Azərbaycanda  vergi yükü  ağır  olduğundan bir çox hallarda  sahibkarlar  vergi əməkdaşları ilə cinayət əlaqəsinə girərək və ya onları yoldan çıxararaq vergidən yayınmağa çalışırlar:
“Ona görə də  belə xoşagəlməz hallardan uzaq olmaq üçün  vergi yükü azaldılmalıdır”.
Azərbaycanda vergi mədəniyyətinin aşağı olduğunu və bu sahədə ciddi maarifləndirmə işlərinin görülməsinin vacibliyini dilə gətirən millət vəkili bildirib ki,  bir zamanlar  sovetlər birliyində yaşadığımız və vergi vermədiyimiz üçün bizlərdə vergi vermək həvəsi yoxdur:
“Ona görə  də vergi mədəniyyətinin artırılması və  vergi mədəniyyətinin aşılanması üçün vergi yükünün azaldılmasına ehtiyac var. Bununla həm  vergidən yayınmanın qarşısını almaqla insanları vergiyə cəlb etmiş olarıq, həm  də mədəniyyət səviyyəsini artırmaqla büdcəyə gəlirləri  artıra bilərik”.
 Q. Həsənquliyev onu da əlavə edib ki,  hansısa sahənin vergidən azad edilməsi yaxşı hal deyil və bunun əleyhinədir:
“Bütün sahələr simvolik olsa da, vergi verməlidir. Bu, insanlarda və sahibkarlarda pis vərdiş yaradır. O şəxs digər sahəyə keçdikdə belə vergi verməkdən  yayınmağa çalışır”.
 Millət vəkili eyni zamanda, Azərbaycana gətirilən lüks maşınlara aksiz dərəcəsinin artırlması ilə bağlı edilən təkliflərin əleyhinə çıxıb.
O, bildirib ki, onsuz da bu maşınları gətirənlər yetərincə vəsait ödəyirdilər.
“İndi bu şəsxlər belə avtomobil gətirməyəcək və vəsait də büdcəyə daxil olmayacaq. Ona görə də hesab edirəm ki, bu, düzgün olmayan məsələdir”- deyə, deputat bildirib.
 Mürtəza 
 Gununsesi.info