Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
Gununsesi.info xəbər verir ki, yeni heyətə seçilənlər arasında hakim partiyanın ilk qurucularından olan, ən müxtəlif dönəmlərdə rəhbər postlarda təmsil olunan tanınmış simalar da yer alır.
Hakim partiyanın İdarə Heyətinin yeni tərkibində uzun illər parlamentdə təmsil olunan deputatlardan biri Zəngilandan olan İmamverdi İsmayılovdur. O, yenidən hakim partiyanın rəhbər strukturlarından birinə daxil edilib. Jurnalistikadan siyasətə gələn İsmayılov 1995-ci ildən Milli Məclisdə təmsil olunur və artıq yeddinci çağırışdır ki, deputat mandatı daşıyır.
İmamverdi İbiş oğlu İsmayılov 10 iyun 1958-ci ildə Zəngilan rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini 1980-ci ildə, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu isə 1993-cü ildə bitirib. İxtisasca jurnalist və politoloqdur.
Peşə fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində başlayıb. 1980-ci ildən burada ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor və şöbə müdiri kimi müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Azərbaycan Televiziyasının “Gənclik” baş redaksiyasının baş redaktoru olub. 1990-1992-ci illərdə “Kirpi” jurnalında şöbə müdiri vəzifəsində işləyib. Jurnalistika fəaliyyəti ilə yanaşı, bir sıra kitabların müəllifi və “Qızıl qələm” mükafatı laureatıdır. İsmayılov ilk dəfə 1995-ci il noyabrın 12-də deputat seçilib. Sonrakı illərdə də parlamentdə təmsil olunaraq I, II, III, IV, V, VI və VII çağırış Milli Məclisin deputatı olub. 2024-cü il seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən deputat mandatı qazanıb. Hazırda Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür, GUAM Parlament Assambleyasında təmsil olunur və Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edir.
İH-də uzun illər Azərbaycan siyasətində və parlament fəaliyyətində mühüm postlar tutmuş Ziyafət Əsgərov da yer alıb. Hüquqşünas alim, Milli Məclis sədrinin müavini və uzun müddət parlamentin rəhbərliyində təmsil olunan Əsgərov YAP-ın yeni İdarə Heyətində fəaliyyət göstərəcək.
Ziyafət Abbas oğlu Əsgərov 24 oktyabr 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olub. 1985–1990-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. Hüquq üzrə fəlsəfə doktoru, professor və dosentdir. 1990-cı ildən Bakı Dövlət Universitetində Konstitusiya hüququ kafedrasında müəllim, baş müəllim, dosent, kafedra müdirinin müavini və Hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışıb. Hazırda Konstitusiya hüququ kafedrasının professoru və müdiridir.

Əsgərov 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyasını hazırlayan Komissiyanın işçi qrupunun üzvü olub. O, bir neçə dərslik və dərs vəsaitinin, eləcə də çoxsaylı elmi məqalələrin müəllifidir. Parlament fəaliyyəti də uzun illəri əhatə edir. O, birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı olub. 2000-2005-ci illərdə Milli Məclis sədrinin müavini, 2005–2020-ci illərdə isə parlament sədrinin birinci müavini vəzifəsini tutub. 2000–2015-ci illərdə Təhlükəsizlik və müdafiə komitəsinə, 2015–2024-cü illərdə isə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə rəhbərlik edib. 2024-cü il seçkilərindən sonra yenidən deputat seçilib və sentyabrın 23-dən Milli Məclis sədrinin müavini vəzifəsindədir.
Ziyafət Əsgərov Yeni Azərbaycan Partiyasının üzvüdür. O, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
İdarə heyətinin yeni üzvlərindən biri də Alqış Musayevdir. O, 1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. 1994-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1993-cü ildən “Yeni Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyət göstərib, 1997-2008-ci illərdə qəzetin baş redaktoru olub. 2021-ci ildə yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin edilib. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. Musayev II çağırış Milli Məclisin deputatı da olub. 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Evlidir, iki övladı var.

Onun siyasi-media fəaliyyətində ən çox xatırlanan epizodlardan biri 2004-cü ildə “Yeni Azərbaycan” qəzetində Ramiz Mehdiyevin ünvanına dərc olunan tənqidi yazıdır. Musayev sonrakı müsahibəsində həmin yazıdan sonra Mehdiyevin onunla görüşdüyünü və üzr istədiyini bildirib. O, həmin dövrdə yazıya görə müxtəlif təzyiq və xəbərdarlıqlarla üzləşdiyini də bildirib.
Musayev Ramiz Mehdiyevlə bağlı mövqeyini sonrakı illərdə də açıq şəkildə ifadə edib. 2025-ci ilin dekabrında sosial şəbəkədə yayımlanan yazısında Mehdiyev haqqında səsləndirilən yüksək tərifləri və müxtəlif epitetləri tənqid edib. 2026-cı ilin iyulunda isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru kimi Azərbaycan milli mətbuatının 151 illiyi ilə bağlı müsahibə verib.











