Vilayət Eyvazov bir qrup polisi Türkiyəyə oxumağa yollayır

“Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” protokola əsasən, 2022-2023-cü tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində təhsil almaq üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə 20 yer ayrılıb.

Nazir, general-polkovnik Vilayət Eyvazovun göstərişinə əsasən DİN-in “Avtomatlaşdırılmış kadr informasiya sistemi” vasitəsilə şərtlərə uyğun olaraq bakalavr ali təhsil dərəcəsinə malik, türk dilini yaxşı bilən, fiziki hazırlıqlı, geniş dünyagörüşlü, müasir informasiya texnologiyaları ilə işləməyi bacaran 20 gənc əməkdaş seçilərək sənədləri qardaş Türkiyənin müvafiq təhsil müəssisəsinə göndərilib.

HTML tutorial

Bu münasibətlə seçilmiş əməkdaşları qəbul edən daxili işlər naziri Vilayət Eyvazov onları təbrik edərək iki qardaş ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, təhsil alacaqları dövrdə Türkiyəli həmkarlarının təcrübələrindən yararlanmağı, öz üzərlərində daim işləməyi, biliklərini və fiziki hazırlıq səviyyələrini artırmalarını tövsiyə edib. O, əmin olduğunu bildirib ki, təhsil alacaqları müddətdə onlar Azərbaycan Polisini, xalqımızı şərəflə təmsil edəcəklər.

Gununsesi.info