Vilyam Hacıyevin məhkəməsi olacaq

  • By admin
  • 01 Dekabr 2020 12:59

İmişli rayonunun sabiq icra başçısı, həbsdə olan Vilyam Hacıyev bu gün hakim önünə çıxarılır.

Gununsesi.org-un verdiyi xəbərə görə, V.Hacıyevin sentyabrın 2-də uzadılan 3 aylıq həbs müddəti başa çatdığı üçün istintaq yeni təqdimat verib. Cinayət işinin istintaqını aparan müstəntiq təqdimatında V.Hacıyevin daha 3 ay həbsdə qalmasını zəruri hesab edib və məhkəmədən həbs müddətinin uzadılmasını istəyib.

V.Hacıyevlə bağlı qərarı bu gün saat 17:30-da keçiriləcək məhkəmə iclasında Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanova verəcək.

Gununsesi.org xəbər verir ki, V.Hacıyevin vəkili Orxan Zeynalov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, V.Hacıyevin koronavirusa yoluxmasına görə onun barəsindəki həbs qətimkan tədbiri qərarının dəyişdirilməsini bu günkü iclasda irəli sürəcəklər: “Vilyam Hacıyevin vəziyyəti kafidir, müalicəsini davam etdirir”.

Qeyd edək ki, V.Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun evindən və iş yerindən milyonlarla məbləğdə nağd pul vəsaitləri aşkarlanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Gununsesi.org