Vitse-spikerlə deputat “atışdı”

  • By admin
  • 15 Fevral 2022 18:24

Milli Məclisin bu gün keçirilən iclasında vitse-spikerlə deputat arasında mübahisə yaranıb.

Gununsesi.info xəbər verir ki, “Dini etiqad haqqında” qanuna dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı ilə parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə düşüb.

Belə ki, dini məclislərdə iştirak edən qadın mollaların cahilliyindən şikayətlənən M.İbrahimqızına komitə sədri cavab verib:

“Həmin mollaları məclislərə çağırmasınlar. Onlar mollanı dəvət edirlər, sonra da cahilliyindən şikayətlənirlər”.

Ardınca M.İbrahimqızı vitse-spikerə cavabında bu sözləri deyib:

“Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Mən parlamentə dünən gəlməmişəm. İnsanlar nə etsinlər?! Mollanı dəvət edirlər. Siz bununla iddia edirsiniz ki, o mollaları məclisə çağıran şəxslər özləri də cahildir. Bunu iddia etmək sizə yaraşmaz”.

Sonda vitse-spiker çıxışına aydınlıq gətirərək qeyd edib: “Mən əgər kiminsə heysiyyatına toxunacaq nəsə dedimsə, diqqət edin, dedim demirəm, əgər demişəmsə, üzr istəyirəm. Məlahət xanım, sadəcə sizin sualınızı gündəmə gətirdim, cəhalətlə bağlı fikirlərimi bölüşdüm. Çıxışınız qarşısında çox mat qaldım. Siz keçən dəfə burada dediniz ki, bu ideyanı Hacı Salmandan almısınız. Özünüz dediniz”.

 

Gununsesi.info