Vladimir Kliçko Ukraynanın ehtiyat ordusuna yazılıb

  • By admin
  • 02 Fevral 2022 23:01

Ağır çəkili boks üzrə keçmiş çempion Vladimir Kliçko çərşənbə günü Kiyevdə Ukraynanın ehtiyat ordusuna qoşulub.

Həm Vladimir, həm də onun qardaşı, Kiyev meri, eyni zamanda ağır çəkidə keçmiş boks çempionu Vitali Kliçko ölkənin ilk Ərazi Müdafiə Qüvvələrinin işə qəbul mərkəzinin açılışında iştirak edirdilər.

Vladimir Kliçko ölkəni müdafiə etmək məcburiyyətində olduğunu bildirib. “Buradan bir rayon aralıda mənim balaca qızım məktəbə gedir. Səfirlər ailələrini evlərinə göndərdiyi üçün hazırda məktəb bağlanıb” deyə o, bildirib.

“Bu gün məni bura gətirən şəhərimə, evimə, ailəmə, qonşularıma, qızıma olan məhəbbətdir. Mən bu təşəbbüsü üzə çıxardım və indi bu ərazinin müdafiəsində iştirak edirəm”.

Onun qardaşı mer Kliçkonun sözlərinə görə, Rusiya ilə münaqişənin diplomatik yolla həllinə üstünlük verilir. “Əgər belə olmayacaqsa, biz əlimizə silah götürüb ölkəni müdafiə etməyə hazırlaşmalıyıq”, o əlavə edib.

Rusiya Ukrayna sərhədində 100 mindən çox əsgər toplayıb və Qərb ölkələri deyirlər ki, Putin müdaxilə planlaya bilər.

Rusiya bunu inkar edir, lakin təhlükəsizlik tələbləri yerinə yetirilməsə, qeyri-müəyyən hərbi əməliyyatlara başlaya biləcəyini bildirib. Qərb ölkələri deyirlər ki, istənilən işğal Moskvaya sanksiyalar gətirəcək.

Gununsesi.info