Vüqar Bayramov: “Ermənistanda iqtisadi tənəzzül var”

  • By admin
  • 16 Avqust 2021 19:27

Cənubi Qafqaz həssas bölgədir və bu bölgənin inkişafı, bütövlükdə dayanıqlı sülhün formalaşması üçün kommunikasiyaların bərpası olduqca vacibdir.

Bunu Trend-ə açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu, paralel olaraq aparılmalıdır və kommunikasiyaların açılmasında prioritetlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır:

“Nəzərə almaq lazımdır ki, bu dəhliz təkcə Azərbaycan və türk dünyası üçün deyil, eyni zamanda region üçün çox vacibli bir layihədir. Geniş anlamda isə Avropa İttifaqı və regionda marağı olan digər ölkə və ittifaqlar üçün də faydalı hesab olunur. Zəngəzur dəhlizi şərq-qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, bu təbii ki, Avropa Birliyinə bu yolla Asiyaya daha çox yük daşımasını təmin edəcək. Nəticə etibarilə bu dəhliz Azərbaycanın qərb bölgəsini Naxçıvanla birləşdirmək mənasına gəlmir. Həmçinin bütövlükdə qitədə daşınan yüklərin həcminin artmasına imkan verəcək. Xüsusən, Süveyş kanalında baş vermiş hadisədən sonra Avropa alternativ marşrutların yaranmasında maraqlıdır”.

Millət vəkili Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də böyük perspektivlər vəd etdiyini diqqətə çatdıeıb:

“Çünki dəhlizdən Rusiya, İran və Türkiyə də istifadə edəcək və bunun sayəsində Rusiyadan Ermənistana daşınan yüklərin həcmində bu kontekstdə artımlar olacaq. Nəzərə alsaq ki, indiki halda Ermənistanda iqtisadi tənəzzül var və beynəlxalq reytinq təşkilatları Ermənistanın kredit reytinqini kəskin şəkildə aşağı salıb, həmçinin xarici borc ÜDM-nin həcminin 60 faizindən çoxdur, bu baxımdan Ermənistan da öz iqtisadi inkişafında maraqlıdırsa, Zəngəzur dəhlizi daxil olmaqla bütün kommunikasiyaların daha qısa zamanda bərpasına çalışmalıdır. Bu, Ermənistanda müşahidə edilən uzunmüddətli tənəzzülün səngiməsinə köməklik edə bilər”.

Gununsesi.info