Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində “Hürriyyət TV”-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun barəsindəki həbs qətimkan tədbirinin uzadılmasından verdiyi şikayətə baxılıb.
Gununsesi.info-nun xəbərinə görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Ötən il oktyabrın 31-də Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Fevralın 9-da həbs qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.
Baş redaktor Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.
Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və xaricdə yaşayan hüquqşünas, “AzerFreedom TV”-nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.
S.Cəlaloğlu bacısı oğlunun həbsi ilə bağlı daha öncə mətbuata bildirib ki, V.Məmmədovun jurnalist fəaliyyətinə görə Prezident Administrasiyası və DTX-dən ona iradlar bildirilib.
“Mən də dəfələrlə çalışmışam ki, Vüqar Məmmədov çıxışlarında radikal olmasın, irad tutulan məsələlərə yer verməsin. Sadəcə, Vüqar gərgin vəziyyətdə idi. Fikirlərini radikal formada ifadə edirdi. Vüqarın valideynləri də həmin çıxışlarına görə ona dəfələrlə iradlarını bildiriblər. O, ağır iqtisadi-sosial vəziyyətə düşən insanları görüb, emosional reaksiyalar verirdi”, – o deyib. (APA)












