Vüqar Səfərli məhkəmədə: “Haradan bilərdik ki, Əli Həsənovu işdən çıxaracaqlar…”

  • By admin
  • 20 Sentyabr 2021 22:10

Bakı Ağır Cinayətlər Məhkəməsində KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlinin və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. 

Gununsesi.info-nun xəbərinə görə, məhkəmədə çıxış edən Vüqar Səfərli ittihamları rədd edib və özünə qarşı ədalətsizlik olduğunu deyib. “İttiham aktında  yazılanları oxuyarkən onda özümə nifrət yaranır. 64 yaşın içindəyəm, insan həyatıyla oynamaq olmaz. Məni hər dəfə 4 illik olmaqla, 3 dəfə prezident icraçı direktor təyin edib. Üç dəfə məni təltif edib – Əməkdar mədəniyyət işçisi kimi, Cümhuriyyətin 100 illiyi medalı ilə, “Vətənə xidmətə görə” ordeni ilə. İttihamda elə şeylər yazıblar. Adam oxuyanda özünə nifrət edir. Bizi elə saxlayırlar, sanki xalq düşmənləriyik…”

“Ora Əli Həsənovundur deyə, icarə haqqı verməməliydik?”

Səfərli deyir ki, hazırda onu prezidentin keçmiş köməkçisi Əli Həsənovun ailəsinə məxsus binada Fond üçün icarəyə ofis götürüb, külli miqdarda dövlət vəsaitini israf etməkdə təqsirləndirirlər. Amma bu gün də Fondun bazasında yaradılmış qurum elə həmin binada yerləşir:

“Biz o binanı Əli Həsənovun ailəsinə məxsus olduğuna görə yox, yerinə, şəraitinə görə icarəyə götürmüşdük. Ora Əli Həsənovundur deyə, icarə haqqı verməməliydik? Cinayət işinin materiallarında yazıblar ki, hər kvadrat metr üçün icarə rüsumu 47 qəpikdir. Gülünc rəqəm yazıblar. Harada bu qiymətə ofis var? Hardan biləydik ki, Əli Həsənovu işdən çıxaracaqlar, bu cür məsələlərdən bizə qarşı istifadə edəcəklər?”

Sabiq icraçı direktorun sözlərinə görə, Fondun xərclərindən, o cümlədən icarə haqqından Maliyyə Nazirliyinin məlumatı olub. Nazirlik də kvadratmetri 18 manatdan ofis icarəyə götürməyə razılıq verib və Fond sözügedən binada fəaliyyət göstərdiyi müddətdə bu məsələ ilə əlaqədar heç bir qurumdan narazılıq olmayıb.

Prezident qəzetlərin səviyyəsindən narazı olub

Səfərliyə qarşı ittihamlardan biri də budur ki, həmin binada prezident yanında Bilik Fondunun icarəyə götürdüyü ofis boşalanda onu da icarəyə götürüb, əlavə vəsait ödəməklə israfçılığa yol verib. Keçmiş icraçı direktor isə məhkəmədə bəyan edib ki, həmin ofisdə Prezident Administrasiyasının təyin etdiyi blogerlər yerləşdirilmişdi:

“Əli Həsənov dedi ki, həmin ofislə əlaqədar Ramiz Mehdiyevin adına məktub yazım…”

KİV-in İnkişafına Dəstək Fondunda maliyyə məsələləri və digər mühüm məsələlərlə bağlı qərarları Müşahidə Şurasının verdiyini deyən Səfərlinin sözlərinə görə, hara, nə qədər xərclənməsini də onlar müəyyənləşdirib. Onun Müşahidə Şurasının qərarlarına qarışmaq səlahiyyəti olmayıb.

Səfərli deyir ki, 2018-ci ilin sonunda Əli Həsənov onu çağırıb, prezidentin qəzetlərin səviyyəsindən narazı olduğunu bildirib. Tapşırılıb ki, qəzetlərin sayı azaldılsın, keyfiyyət artırılsın. Bu istiqamətdə müzakirələrdən sonra bəzi qəzetlərə maliyyə dəstəyi göstərməkdən imtina olunub.

“Mən suvaq olçənəm?”

Keçmiş Fond rəhbəri Bibiheybət qəsəbəsində media nümayəndələri üçün binaların tikintisi zamanı 18 milyona yaxın vəsaitin yeyintisi barədə ittihamı da qəbul etmir. O vurğulayıb ki, istintaq tikinti şirkətinin hesabına köçürülən vəsaitlərin kimlər tərəfindən nağdlaşdırıldığını, kimin əliylə çıxarıldığını araşdırmaqda maraqlı olmayıb:

“Tikintiyə həmişə Əli Həsənov rəhbərlik edib. Bəzən mənimlə, bəzən də mənsiz gedib baxırdı. Suvaq 5 santimetr yox, 3 santimetr vurulubsa, buna mən cavabdeh ola bilmərəm ki. Mən suvaq olçənəm? 

Onun dindirməsi sentyabrın 21-də davam edəcək, prokurorun və o vəkillərin suallarını cavablandıracaq.

Taryel İbrahimov

Gununsesi.info