Vüqar Səfərli məhkəmə qarşısına çıxarılır - ÇOXSAYLI CİNAYƏTLƏRDƏ İTTİHAM OLUNUR

  • By admin
  • 13 İyul 2021 00:01

Ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxsləri ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində iyulun 23-də baxılacaq.

Cinayət işinə adı çəkilən məhkəmədə hakim Azər Paşayev sədrlik edəcək.

Bu işdə Söhbət Fondun keçmiş icraçı direktoru Vüqar Səfərlidən, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 şəxsin adı gedir.

Gununsesi.info bildirir ki, ittihama görə aparılmış istintaq tədbirləri ilə fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma – külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Vüqar Səfərli 1990-cı ildə Moskva Rabitə İnstitutunu bitirib. 1991-ci ilin martında Azərbaycan Qəzet Jurnal Ekspedisiyası İdarəsinə rəisi, 1996-cı ilin noyabrından “Azərmətbuatyayımı” İstehsalat Birliyinin sədri olub.

1993-cü ilin fevralından Yeni Azərbaycan Partiyasının üzvü, bu partiyanın Nərimanov rayon təşkilatı sədrinin müavini olub.

2009-2020-ci illərdə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru olub.

KİVDF-nin fəaliyyəti bir qayda olaraq media işçiləri tərəfindən tənqid olunub. Xüsusilə jurnalistlər üçün dövlət tərəfindən tikdirilən evlərin bölünməsi zamanı haqsızlıqlara yol verilməsi ilə bağlı iddialar irəli sürülüb. Bu mənada qaydaların pozulmasında Vüqar Səfərli ilə yanaşı, Prezident Administrasiyasının keçmiş vəzifəli şəxslərinn adları da hallanıb.