Vüqar Səfərlinin oğlunun bank hesabına həbs qoyulub

  • By admin
  • 10 Avqust 2021 10:37

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru olmuş Vüqar Səfərlinin suçlandığı cinayət işində təqsirləndirilən şəxslərin sayı 11 nəfərdir. Ancaq onlardan cəmi ikisi həbsdədir – Səfərli və Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaları inşa etmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov. Avqustun 5-də məhkəmənin hazırlıq iclasında vəkilləri vəsatət qaldırıb ki, onlar da ev dustaqlığına buraxılsın.

“Bu işdə maddi ziyan ödənilib. Həm də iqtisadi xarakterli cinayətdir”, – Səfərlinin vəkili belə deyib.

Gununsesi.info xəbər verir ki, müdafiəçinin sözlərinə görə, keçmiş Fond rəhbərinin bir sıra əmlaklarıyla yanaşı, oğlu Seymur Səfərlinin bank hesabının üzərinə də həbs qoyulub. O, heç bir əməliyyat apara bilmir: “Bununla bağlı müraciətini isə sizə – Bakı Ağır Cinayətlər Məhkəməsinə yönləndiriblər, çünki hazırda iş burada araşdırılır. Xahiş edirik, siz o işə münasibət bildirin ki, biz də növbəti addımımızı müəyyənləşdirə bilək”. Lakin hakim münasibət bildirməyib.

Rəsmi məlumatda ümumilikdə 18 milyon manatın mənimsənildiyi və israfetmə yolu ilə talandığı bildirilirdi. Bundan başqa, cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələrin müəyyən edildiyi vurğulanırdı.

Vəkil Cavanşir Süleymanov istintaqdakı pozuntulardan şikayətlənib. Onun sözlərinə görə, işin içində xeyli yolverilməz sübut var: “Məsələn, Məmmədovu dindiriblər, Əhmədov qol çəkib. Belə protokollar var. Kimsə deyə bilər texniki səhvdir. Belə səhvlərə görə iki nəfər həbsdədir, doqquz nəfər də bu biri tərəfdə təqsirləndirilir”.

Məmmədovun vəkili isə onun, ümumiyyətlə, təqsirsiz olduğunu deyir. Müdafiəçisinin sözlərinə görə, o, heç bir cinayət törətməyib: “Üstəlik, bu insanın Birinci Qarabağ Müharibəsi əlili, ürək xəstəsi olması, ürəyindən iki dəfə əməliyyat keçirməsi, uşaqları, “Tərəqqi” medalı da nəzərə alınmayıb”.

Məhkəmə vəkillərin ev dustaqlığı barədə vəsatətlərini təmin etməyib. Avqustun 20-dən bu işlə bağlı dindirmələr başlayacaq.

Gununsesi.info