“Vurduğum qolu Zəhra balamıza həsr edirəm” - NİZAMİ HACIYEV

  • By admin
  • 07 İyul 2017 10:42

560862“Mladost” öz meydanında daha yaxşı görünürdü. Rəqib onda   qorxulu idi. Amma səfər matçında da çox yaxşı oynadıq, gözəl qollar vurduq. Serblərin keçən oyuna nisbətən əlverişli imkanları olmadı. Bu gün də layiqli qələbə qazandıq.

Gununsesi.info futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri “İnter”in kapitanı Nizami Hacıyev Avroliqanın I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Mladost”u 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli futbolçu ikinci hissədə meydanda tam güclərini ilə çıxış edə bilmədiklərini bildirib: “Fasilədən sonrakı “boşalma” hesaba görə idi. Rəqib 10 nəfərlə qaldığından, ümumi nəticədə 4:0 hesabı ilə öndə olduğumuzdan bilirdik ki, 95 faiz işimizi görmüşdük. Biz hələ “Barselona” deyilik ki, kimisə biabır edək”.

Nizami Hacıyev bugünkü matçda vurduğu qolu iyulun 4-də erməni vandalizminin qurbanı olan 2 yaşlı Zəhraya həsr etdiyini söyləyib:

“Qolu şəhid olmuş balamıza həsr edirəm. Allah bu dərdi heç kimin başına gətirməsin. Hər kəs üçün ağır itkidi. Oyundan qabaq o uşağın şəklinə baxıb pis olmuşdum. Allah onun ruhunu şad eləsin. Düşünürəm ki, bu qan yerdə qalmayacaq”.

Gununsesi.info