Vyanada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və təxribatlarına etiraz aksiyası keçirilib - VİDEO

  • By admin
  • 18 Oktyabr 2020 15:24

Avstriyadakı Azərbaycan icmasının nümayəndələri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və təxribatları, mülki əhaliyə qarşı törədilən müharibə cinayətlərinə etiraz olaraq oktyabrın 17-də Vyana şəhərində hökumət qurumları və ATƏT-in yerləşdiyi Heldenplatz meydanında mitinq keçiriblər.

Gununsesi.info AZƏRTAC-a istinadla xəbər verir ki, Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (Azeri-DER) təşkilatçılığı ilə keçirilən aksiyada bu ölkədə yaşayan soydaşlarımız, türk diasporunun təmsilçiləri, mətbuat nümayəndələri iştirak ediblər.

HTML tutorial

Aksiya Azərbaycanın və Avstriyanın dövlət himlərinin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin son dövrlərdə törətdiyi təxribat zamanı şəhid olan hərbçi və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Etiraz mitinqində Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəş, Avstriya SÖZ (Gələcəyin Sosial-Ekoloji Avstriyası) Partiyasının təmsilçisi Şuayip Akpınar, diaspora fəalı Arzu Məmmədova, Avstriya Azərbaycan İcmasının rəhbəri Rüfət Həsənov çıxış ediblər. Çıxışlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi ən son təxribat və müharibə cinayətlərindən söz açılıb, xüsusilə də Gəncə şəhərini və digər yaşayış məntəqələrini yenidən raket atəşinə tutması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olması pislənilib. Natiqlər dünya ictimaiyyətini, Avstriya hökumətini, Vyanada fəaliyyət göstərən ATƏT və digər beynəlxalq təşkilatları bu münaqişə ilə bağlı ədalətli mövqe tutmağa, erməni terroruna göz yummamağa çağırıblar.

Qeyd edilib ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə dörd qətnamə (822, 853, 874 və 884 saylı) qəbul edib və həmin qətnamələrdə Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmaq tələb olunur. Bu tələb, eyni zamanda, ATƏT və digər beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapır. Təəssüf ki, Ermənistan bu günə kimi bu beynəlxalq təşkilatların tələblərini ciddiyə almayıb və bundan əlavə olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanla aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutub.

Beynəlxalq ictimaiyyətin Ermənistana qarşı heç bir təzyiqlər göstərməməsi və bu təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq edilməməsi də onunla nəticələnib ki, Ermənistan öz təcavüzkar siyasətini davam etdirə və Azərbaycanla Ermənistan silahlı qüvvələrinin təmas xəttində tez-tez təxribatlar törədə bilib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri iriçaplı silahlar və artilleriyadan istifadə etməklə Azərbaycan Ordusunun mövqeləri və mülki əhalinin yaşadığı yaşayış məntəqələrini atəşə tutub və bu zaman çox sayda insan həyatını itirmişdir. Həmin vaxtdan etibarən erməni qoşunları Gəncə, Mingəçevir, Bərdə, Ağcabədi, Tərtər və s. daxil olmaqla Azərbaycanın bir sıra böyük şəhərlərini davamlı olaraq artilleriya atəşinə tutur və yaşayış məntəqələrinə ballistik raketlər atır.

Xüsusilə qeyd edilib ki, oktyabrın 17-nə keçən gecə növbəti dəfə ballistik raket atəşinə tutulan Gəncə şəhərində 13 mülki şəxs ölüb və 50-dən artıq şəxs isə yaralanıb. Bununla da son həftələrdə Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın dinc əhalisi arasında 60 ölüm halı qeydə alınıb, 270 nəfər yaralanıb.

Çıxışlarda, həmçinin diqqətə çatdırılıb ki, özünümüdafiə hüququndan istifadə edən Azərbaycan Silahlı Qüvvələri erməni qoşunlarının hücumlarını dəf etmək və hər şeydən öncə isə mülki əhalini qorumaq məqsədilə əks-hücum əməliyyatlarına başlayıb və bu əməliyyatlar nəticəsində əzəli Azərbaycan torpaqlarını düşmən tapdağından azad edir.

Tədbir iştirakçıları Avstriyanın federal hökumətini, ATƏT və Vyanadakı bütün beynəlxalq təşkilatları Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarması və qaçqınların öz evlərinə qayıtmasını təmin etmək məqsədilə Ermənistana təzyiq göstərməyə və bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. Bildirilib ki, yalnız bu şərtlər təmin olunduqdan sonra Azərbaycan və erməni icmalarının Dağlıq Qarabağda yenidən birgə dinc yaşaması mümkün ola bilər.

Aksiya iştirakçıları “Ermənistanın işğalına son qoyulsun!“, “Ermənistan BMT qətnamələrini icra etməlidir!“, “Ermənistan, uşaqları öldürmə!“, “Ermənistan, Azərbaycan torpaqlarını tərk et!“, “Ermənistan, mülki əhalini bombalama!“, “ATƏT, məsuliyyətli hərəkət et!“, “Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər. Son həftələrdə erməni terroru nəticəsində həyatını itirən mülki şəxslərin fotoları qarşısında şam və qərənfillər düzülüb.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu oktyabrın 11-i və 17-də gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

 

 

 

Gununsesi.info