
Vyetnamın sabiq informasiya və kommunikasiyalar naziri Nquyen Bak Son irimiqyaslı korrupsiya araşdırılması çərçivəsində ömürlük həbs cəzasına, həmçinin ictimai vəsaitlərin idarəetmə qaydalarını pozduğuna görə 16 il həbs cəzasına məhkum edilib.
Gununsesi.org “Report-a istinadən xəbər verir ki, Nquyen Bak Son 2016-cı ildə vəzifədə olarkən ölkənin iri mobil rabitə operatorlarından olan “Mobifone” dövlət şirkəti nəzdində rəqəmli televiziya xidmətinin açılmasına mühüm yardım etməsi üçün 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham edilib.
Bildirilir ki, sabiq hərbçi olan Nquyen Bak Son “Audio Visual Global” şirkətinin aktivlərinin 95 faizini (383,83 milyon ABŞ dolları) 10 dəfəyə köçürtməklə satın almaqda iştirak edib.
Həmin dava çərçivəsində keçmiş nazirin sabiq müavini Truonq Minh Tuan 14 il, “Mobifone”nin sabiq rəhbəri Le Nam Tra 23 il, sabiq icraçı direktoru Kao Duy Hai 14 il həbsə məhkum edilib.
Qeyd edək ki, “Mobifone” şirkəti ətrafındakı korrupsiya şəbəkəsinə dair 2018-ci ilin əvvəlində geniş təhqiqat aparılırdı.