World Central Kitchen Qəzzada fəaliyyətini dayandırıb

Beynəlxalq yardım təşkilatı World Central Kitchen (WCK) İsrailin davamlı hücumlarının intensivləşdiyi  Rəfah şəhərində fəaliyyətini dayandırmaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə World Central Kitchen sosial media hesabında açıqlama verib.

Açıqlamada İsrailin Rəfahdakı hücumları səbəbiylə saysız-hesabsız ailənin yenidən köç etmək məcburiyyətində qaldığı bildirilib: “Davam edən hücumlar bizi Rəfahdakı fəaliyyətimizi dayandırmağa və icmamızın bir çox mətbəxlərini şimala köçürməyə məcbur etdi”.

Açıqlamada bölgədəki vəziyyətin ağır olduğunu və müharibədən təsirlənən World Central Kitchen Fələstin komandasının hələ də hər gün fəaliyyətini davam etdirdiyini deyib.

WCK dünən bölgədə 100 min yemək paylandığını və bu həftə Qəzzaya girən 58 yardım maşını ilə tutumunu artıracağını açıqladı.

Qeyd edək ki, aprelin 1-də İsrailin Qəzzanın Deyr əl-Belah bölgəsinə etdiyi hücumda WCK-nın 7 əməkdaşı həyatını itirib.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) mayın 28-də Qəzza zolağının cənubunda yerləşən Rəfahda son 3 həftədə 1 milyon fələstinlinin didərgin düşdüyünü açıqlayıb.

 

 

Şəbnəm

Gununsesi.info