“Xəmsə”nin sahibi həbs olundu

  • By admin
  • 03 May 2017 22:31

xamsa

Məşhur “Xəmsə” şadlıq sarayı və bir sıra başqa biznes obyektlərinin sahibi Mürvət Həsənli Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Gununsesi.info xəbər verir ki, idarədən məlumatı “Yeni Müsavat”a təsdiqləyiblər.

Bildiriblər ki, M.Həsənli hazırda idarədədir. O, türk iş adamı Ömür Oral və onun türkiyəli vəkilinin Azərbaycanda hədələnməsi ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.

Ö.Oral DİN rəhbərliyinə müraciətində qeyd edib ki, vəkili ilə birgə Bakıya gələn zaman Hava Limanından yerləşəcəyi “Bulvar” hotelinə qədər Mürvət Həsənli tərəfindən təqib edilib. Onu və vəkilini hədələyib. Təqib və təhdid bir neçə ay öncə baş verib, məsələyə Türkiyənin Azərbaycandakı səfirliyi və türk iş adamları qurumu da qarışıb.

İşin qısa məğzi ondan ibarətdir ki, Ö.Oralın sahiblərindən olduğu “Emre Piliç” şirkəti “Siyəzən Broyler” ASC-yə damazlıq yumurta satıb, həmin yumurtaların pulları isə “Siyəzən Broyler” ASC tərəfindən uzun illər Ömür Oralın Azərbaycandakı nümayəndəsi olan “Xəmsə-M” MMC-nin rəhbəri Mürvət Həsənliyə verilib. “Siyəzən Broyler” ASC tərəfindən 3,8 milyon ABŞ dolları M.Həsənliyə verilsə də, sonuncu “Emre Piliç” şirkətinə bu puldan cəmi 2,1 milyon ABŞ dollarını ödəyib, yerdə qalan 1,7 milyon dollarını isə verməyib.

Ö.Orala bildirib ki, “Siyəzən Broyler” ASC bu pulları ödəməkdən imtina edir. “Emre Piliç” şirkətinin rəhbəri Ömür Oral bu pulları tələb etmək üçün Azərbaycana gələcəyini və lazımi instansiyalara şikayət edəcəyini bildirdikdə, M. Həsənli cavabında bildirib ki, “Siyəzən Broyler” ASC yüksək hakimiyyət dairələrinə məxsus olduğundan, bu şirkətə qarşı hər hansı addım atıla bilməz. Ö.Oral belə səhv etsə, dərhal həbs ediləcək. Beləliklə də, M. Həsənli Ö.Oralın Azərbaycana gəlişinin qarşısını almağa çalışıb. Ö.Oral deyib ki, bu yolla M.Həsənli “Emre Piliç” şirkətinə çatası təxminən 1,7 milyon ABŞ dollarını qanunsuz şəkildə ələ keçirib. O, Azərbaycana gələndən sonra isə onun özünü təhdid etməyə, oğlunu öldürtdürəcəyi ilə hədələməyə başlayıb.

Gununsesi.info